Kreml Putin-Şolts telefon danışığı barədə bəyanat yayıb - YENİLƏNİB
Kreml Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığının baş tutduğunu təsdiqləyib.
"Operativ Media" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı Berlinin təşəbbüsü ilə baş tutub.
Kreml Putin-Şolts telefon danışığının bəzi təfərrüatlarını da açıqlayıb.
Belə ki, Putin Şoltsa bildirib ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib və Ukrayna ilə bağlı danışıqlara açıqdır.
Kreml bildirib ki, Putin və Şolts köməkçilərinin əlaqə saxlaması barədə razılığa gəliblər.
"Ukrayna ilə bağlı mümkün razılaşmalar Rusiya Federasiyasının təhlükəsizlik maraqlarını nəzərə almalı, ərazi reallıqlarına əsaslanmalı və münaqişənin köklü səbəblərini aradan qaldırmalıdır", - Kreml Putin və Şolts arasında söhbətin yekunlarına dair açıqlamasında bildirib.
Putin Berlinin qeyri-dost kursu səbəbindən Rusiya-Almaniya münasibətlərinin görünməmiş deqradasiyasından danışıb.
Putin qeyd edib ki, Rusiya enerji sektorunda öz öhdəliklərini həmişə aydın şəkildə yerinə yetirib və Almaniya maraq göstərəcəyi təqdirdə qarşılıqlı faydalı əməkdaşlığa hazırdır.
Putin Şoltsa Rusiyanın Yaxın Şərqdə gərginliyi azaltmaq səyləri barədə də danışıb.
19:33
Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinə zəng edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Şolts Putini ədalətli və davamlı sülh naminə Ukrayna ilə danışıqlara çağırıb və eyni zamanda Almaniyanın Ukraynaya lazım olan qədər kömək etməyə hazır olduğunu vurğulayıb.
18:46
Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinə zəng edib.
"Operativ Media" xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Bildirilib ki, Şolts iki ildən sonra ilk dəfə Putinlə telefon danışığı aparıb.
DPA-nın məlumatına görə, günorta saatlarında baş tutan söhbət təxminən, bir saat davam edib.
Telefon danışğının digər təfərrüatları hələlik məlum deyil.