Ceyhun Bayramov Kaya Kallas ilə Ermənistanla normallaşmanı müzakirə edib - YENİLƏNİB

Əsəd Abbaslı
Ceyhun Bayramov Kaya Kallas ilə Ermənistanla normallaşmanı müzakirə edib - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə, Azərbaycan və Aİ münasibətlərinin hazırkı durumu, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, habelə ətraf mühitin qorunması istiqamətində əməkdaşlıq imkanları, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol diqqətə çatdırılıb. Ölkəmizin COP29 sədrliyi çərçivəsində xüsusilə maliyyə hədəflərinin artırılması daxil olmaqla, iqlim dəyişmələri ilə mübarizə sahəsində dönüş yarada biləcək tarixi razılıqların, eləcə də “yaşıl enerji” sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Nazir qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə maneə törədən mina təhdidi, habelə Azərbaycanın Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb. Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarının sülh prosesinə maneə təşkil etdiyi qeyd olunub.

Avropa İttifaqının Ermənistandakı Missiyasının fəaliyyətinə toxunan nazir Ceyhun Bayramov, sözügedən Missiyanın bəyan olunmuş məqsədlərinə zidd olaraq ölkəmiz əleyhinə təbliğat kampaniyasının alətinə çevrilməsinin narahatlıq doğurduğunu diqqətə çatdırıb.

Görüşdə tərəflər həmçinin gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıb.

20:37

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə XİN "X" sosial platformasında paylaşım edib.

Tərəflər Azərbaycan və Avropa İttifaqı arasında siyasi dialoqun cari məsələlərini, o cümlədən enerji təhlükəsizliyi, bağlantılar, eləcə də münaqişədən sonrakı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması sahəsində əməkdaşlıq da daxil olmaqla müxtəlif mövzuları müzakirə ediblər.

Digər xəbərlər