Suriyadakı əmin-amanlıq, bölgə üçün mühüm önəmə malikdir - ŞƏRH
Məsələ ilə bağlı politoloq Tural İsmayılov "Operativ Media"ya açıqlama verib.
Politoloq bildirib ki, uzun illər Suriya xalqı öz dövlətinin sərvətlərindən yararlana bilməyib:
"Suriya çox vacib bir coğrafiyada yerləşir. Suriyanın eyni zamanda öz coğrafi lokasiyasına görə geosiyasi əhəmiyyəti vardır. Eyni zamanda biz bilirik ki, Suriya özünün təbii sərvətləri ilə zəngin bir ölkədir. Amma çox təəssüflər olsun ki, uzun illər müxtəlif imperialist dairələr və həmçinin Suriyadakı Bəşər Əsəd rejiminin yararsızlığı və qəbuledilməz siyasəti nəticəsində Suriya xalqı öz dövlətinin sərvətlərindən yararlana bilməyib. Hazırda isə Suriya xalqı dünyaya pərən-pərən səpələnmiş vəziyyətdədir. Bundan sonra Suriyanın gələcəyini tək hakimiyyətli normal idarəetmə formasına keçməlidir".
Ekspert bildirib ki, Suriyada əmin-amanlığın olması, digər münaqişələrin həlli üçün də ümidlər yaradır:
"Suriya Bəşər Əsədin dövründə atılan yanlış addımları böyük ehtimalla davam etdirməyəcək. Özəlliklə Suriyanın qonşusu olan, ona dəstək verən, Suriya xalqının köməyinə çatmağa çalışan və hazırda ona yardım edə biləcək Türkiyə kimi dövlət dayanıb. Bu baxımdan, Suriyada olan müvəqqəti keçid hakimiyyətinin islahatlara dair proqramı işlək olmalıdır.
Düzdür, bu proqramı sabotaj etmək üçün müxtəlif xarici güc faktorları yenidən Suriya ilə bağlı siyasi bazarlıqlar etməyə çalışacaqlar. Amma biz inanmaq istəyirik ki, Suriyada müvəqqəti keçid hökumətindən sonra yeni və düzgün hökumət formalaşacaq. Müvəqqəti hökümət seçkilər keçirilənədək şəffaf bir mühit yarada biləcək. Bu həm Suriyanın şəxsi rifahına, həm də Suriyanın qonşusu olan digər ölkələrlə olan əlaqələrinə müsbət mənada təsir göstərəcək. Bütünlükdə Suriyadakı əmin-amanlıq, bölgə üçün mühüm önəmə malikdir. Çünki Yaxın Şərqdə çox ciddi qarşıdurmalar yaşanır. Və bundan sonra Suriyada əmin-amanlığın olması, digər münaqişələrin həlli üçün də ümidlər yaradır".
