20 Dekabr 2024, 20:29
İlham Əliyev misirli həmkarını D-8-i yüksək səviyyədə təşkil etdiklərinə görə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisini Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkili və uğurlu nəticələri münasibətilə təbrik edib.
İlham Əliyev misirli həmkarını D-8-i yüksək səviyyədə təşkil etdiklərinə görə təbrik edib şəkil
İlham Əliyev misirli həmkarını D-8-i yüksək səviyyədə təşkil etdiklərinə görə təbrik edib

"Operativ Media"nın məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkili və uğurlu nəticələri münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Dost ölkənizin ev sahibliyi ilə keçirilən bu mötəbər tədbir zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə Misir Ərəb Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm. Siz təbrik mesajınızda qeyd etdiyiniz kimi Azərbaycanın təşkilata üzvlüyü ölkələrimiz arasında əlaqələrdə yeni səhifə açacaqdır.

Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.

Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.

Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.

Hörmətli cənab Prezident,

Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Misir münasibətlərinin və əməkdaşlığının hazırkı səviyyəsi məmnunluq doğurur. Keçən ilin əvvəlində Sizin Azərbaycana, cari ilin iyununda isə mənim Misirə səfərim dövlətlərarası əlaqələrimizin tarixində yeni mərhələnin əsasını qoymuşdu.

İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, birgə fəaliyyətimizin potensialından tam istifadə olunması, beynəlxalq strukturlar çərçivəsində səmərəli əməkdaşlığımızın genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb
Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
Rusiyaya qarşı yeni sanksiyalar paketi mayın 20-də qüvvəyə minəcək
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
15 May 2025, 23:20
Rusiya qoşunlarına yeni komandan təyin edilib - YENİLƏNİB
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb