İranda Azərbaycan səfirliyinə edilən silahlı hücum cümə günü baş verdi. Həmin gün müsəlman aləmində müqəddəs gün sayılır. Günlərimizi sayanda orada İranın adı yaxşı hallanmayıb. Bu gün də belə oldu. Müqəddəs gündə iyrənc əməlin sahibi olmaq bu dəfə də İranın adına yazıldı. Yazımız belə gətirib ki, Azərbaycan belə bir irinlənmiş iran siyasəti ilə mübarizə aparmalı olur. İrinli yara isə kəsilib atılmalıdır, regiona, sərhədlərimizə yayılmasın deyə...
Fikir verirsinizsə, İran tərəfindən ölkənin prezidenti bildirir ki, “Qardaş və qonşu Azərbaycan səfirliyinə edilən faciəvi hücumu pisləyirik”. Əvvəla qonşu Azərbaycana bax, Rəisi. Tehran polis rəisini işdən azad etməklə məsələ ört-basdır olmur. Terror hücumu demək dilinə gəlmir? Elə buna görə dünyanın sizə islam ölkəsi deməyə də dili gəlmir.
Azərbaycanda yerləşən ölkələrin səfirliklərinə indiyənədək nəinki silahlı, heç təhdid belə olmayıb. Çünki dövlət olaraq Azərbaycan təhlükəsizliklə bağlı məsələlərin mahiyyətini anlayır və bunun təmin olunması üçün lazımı və vacib işləri görür. İran olaraq, Siz nə iş görürsünüz? Suala elə bu cümə günü səhəri hadisə cavab verir. Heç bir iş!
Bilirsiniz, İranın SEPAH qüvvələri terrorçu birləşmə kimi tanınır. Bir neçə ölkə, beynəlxalq təşkilat bununla bağlı sənədlər də qəbul edib. İndi niyə belə qəbul etdikləri hər kəsə bəlli olur. Bir məsələyə diqqət yetirin. SEPAH İran dövlətinin xüsusi silahlı birləşmələridir. Onların iradəsindən, icazəsindən kənar heç bir şey baş vermir. Əba ilə bürünərək gizlədilməyə çalışılan silahlı, qanlı, nifaq İran siyasətinin əsl imicidir.
Bu imici dünyanın müxtəlif ölkələrində - Yəmən, Suriya, İraq və sayirə yerlərdə görmüşük.
SEPAH generallarının müxtəlif əməliyyatlarda terror hücumları bu ölkələrdə baş verib.
Azərbaycan dövlətinin ərazisində yüksək təhlükəsizlik tədbirləri illərdir ki, İranı burada terror həyata keçirməyə imkan vermir. Ona görə də İran digər yolla, öz ərazisində Azərbaycan səfirliyinə terror hücumu həyata keçirdi. Bu isə beynəlxalq aləmdə, regionda , qonşuluq siyasəti baxımdan ən iyrənc və qəbuledilməzdir. İranla bağlı duaların qəbuledilməzliyi kimi...
Ey İran və rəsmiləri! Üstəlik bu hadisəni məişət zəminində baş verməsi versiyası olaraq saya alırsınız. Başınızı qaldırın, səcdə ilə əsl simanızı gizlədə bilməyəcəksiniz!
Samir Cabbarov – Operativ Media