29 Yanvar 2025, 18:02
Türkiyə, Azərbaycan və Özbəkistan arasında Ankara Bəyannaməsi imzalanıb - YENİLƏNİB
Bəyannamə ilə birlikdə üç ölkə arasında əməkdaşlığa dair Yol Xəritəsi də müəyyənləşib.
Türkiyə, Azərbaycan və Özbəkistan arasında Ankara Bəyannaməsi imzalanıb - YENİLƏNİB şəkil
Türkiyə, Azərbaycan və Özbəkistan arasında Ankara Bəyannaməsi imzalanıb - YENİLƏNİB

Yanvarın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Operativ Media-a bildirilib ki, görüşdə, həmçinin Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər. Nazirlər gündəlikdə duran mövzular, o cümlədən xarici siyasət və regional əməkdaşlıq məsələləri, ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrini inkişaf etdirməklə nəqliyyat və kommunikasiya sektorunda əməkdaşlığın gücləndirilməsi mövzuları üzrə çıxışlar səsləndiriblər.

Ceyhun Bayramov çıxışında ölkələrimiz arasında mövcud üçtərəfli formatın qorunub saxlanılması və inkişaf etdirilməsinin hazırkı parçalanmaqda olan beynəlxalq münasibətlər sistemində nümunəvi xarakter daşıması ilə yanaşı, o cümlədən digər regional əməkdaşlıq formatlarını tamamlamaq, əməkdaşlıq potensialından istifadəni maksimallaşdırmaq, ortaq təhdidlərə qarşı birgə cavab tədbirlərinin görülməsi baxımından əhəmiyyətini qeyd edib.

Ölkələrimizin yerləşdikləri Xəzər, Qara və Aralıq dənizləri regionlarını birləşdirən bir sıra strateji əhəmiyyətli layihələrin, o cümlədən “Rəqəmsal İpək Yolu” və “yaşıl enerji ixracı” kimi təşəbbüslərin üçtərəfli əməkdaşlığımızın əhəmiyyətini artırdığı qeyd olunub.

Azərbaycan-Türkiyə-Özbəkistan arasında bir sıra regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın, qarşılıqlı dəstək və ortaq mövqedən çıxış edilməsi təcrübəsinin davam etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyimiz zamanı fəaliyyətimizə, habelə irəli sürülən regional və qlobal təşəbbüslərə verilən dəstəyə görə təşəkkür edilib.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyimizin də gündəliyinə uyğun olan bağlantılar, rəqəmsallaşma, dayanıqlı inkişaf, nəqliyyat, təhsil sahələri üzrə prioritetlərin irəlilədilməsinin, o cümlədən üçtərəfli əməkdaşlıq gündəliyimiz ilə üst-üstə düşdüyü qeyd olunub.

C.Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı, mövcud çağırışlar barədə ətraflı məlumat verib. Keçmiş işğal nəticəsində 30 ilə yaxın müddət ərzində digər ərazilərimizdən təcrid olunmuş torpaqlarımızda nəqliyyat-infrastruktur quruculuğunun, xüsusilə Orta Dəhliz boyunca nəqliyyat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, yenidənqurma işlərində qardaş Türkiyə və Özbəkistanın göstərdiyi dəstək təqdir olunub.

Geniş anlamda regional sülh, təhlükəsizlik və inkişafın təmininin ortaq baxışımızın əsasını təşkil etdiyi, bu istiqamətdə Əfqanıstana yönələn sosial-iqtisadi dəstək təşəbbüslərinin, Trans-Əfqanıstan Dəmir Yol Xətti layihəsinin inkişafının diqqət mərkəzində olduğu qeyd edilib. Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsində əldə olunan atəşkəsin və ona riayət olunmasının əhəmiyyəti, İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun şəkildə “iki dövlət prinsipi” əsasında həllini tapmasının vacibliyi diqqətə çatdırılıb. O cümlədən Suriyada Əsəd rejiminin çöküşündən sonra bu ölkənin dirçəldilməsi səylərinə qardaş Türkiyə ilə birgə dəstək verilməsinin regional əməkdaşlığımızın daha bir komponentinə çevrildiyi qeyd olunub.

Daha sonra görüşün yekunlarına dair Ankara Bəyannaməsi qəbul olunub və imzalanıb.

Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub.

İqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud potensialdan tam istifadə olunması, bu istiqamətdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, xüsusilə Orta Dəhlizin səmərəliliyi və rəqabətə davamlılığının artırılmasının vacibliyi qeyd olunub.

Bəyannamədə, həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində yenidənqurma və humanitar minatəmizləmə fəaliyyətinə töhfə verilməsinin əhəmiyyəti vurğulanıb.

Ankara Bəyannaməsi, eyni zamanda, Azərbaycanın COP29 və AQEM sədrlikləri çərçivəsində oynadığı rolu təqdir edib.

Mərkəzi Asiyanın təhlükəsizliyində vacib rol oynayan Əfqanıstanın təhlükəsizliyi və inkişafı ilə bağlı Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mövqenin formalaşdırılmasının, Qəzza bölgəsində əldə olunmuş atəşkəsin qorunub saxlanılmasının və İsrail-Fələstin münaqişəsinin “iki dövlət prinsipi” əsasında həllini tapmasının vacibliyi qeyd olunub.

Daha sonra nazirlər görüşün yekunlarına dair mətbuata bəyanatlarla çıxış ediblər.

15:50

Azərbaycan, Türkiyə və Özbəkistan arasında II üçtərəfli görüşün nəticələrinə dair Ankara Bəyannaməsi imzalanıb.

Operativ Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X”də paylaşım edib.

Qeyd edilib ki, nəqliyyat və regional əlaqə sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş hərtərəfli Fəaliyyət Planına əlavə olaraq Ankara Bəyannaməsinə aşağıdakılar daxildir:

- Ümumi maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığı genişləndirmək öhdəliyinin bir daha təsdiqi;

-Suverenliyə və ərazi bütövlüyünə xələl gətirən cəhdlərə qarşı birgə tədbirləri dəstəkləmək öhdəliyi;

- İqtisadiyyat, ticarət, investisiya, logistika, infrastruktur, rəqəmsallaşdırma, ətraf mühit və iqlim dəyişikliyi daxil olmaqla əsas sahələrdə potensialın tam şəkildə açılması öhdəliyi;

-Orta Dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasına çağırış;

-Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur rayonlarında yenidənqurma və minalardan təmizləmə işlərinə dəstək;

-Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi, ticarət, əlaqə və iqlim sahəsində əməkdaşlıq sahəsində müsbət irəliləyişlərin tanınması;

-Azərbaycanın COP29 və AQEM-dəki sədrlik rolunun təsdiqi;

- Mərkəzi Asiyada sabitliyin təmin edilməsində əsas hesab edilən Əfqanıstanın təhlükəsizliyi və inkişafı ilə bağlı Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid yanaşmanın əhəmiyyətinin vurğulanması;

-Qəzzada atəşkəs elan edilməsini alqışlamaq, onun ciddi şəkildə yerinə yetirilməsini tələbetmək və İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllini müdafiə etmək.

 

***

15:00

Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüşün nəticələrinə dair Ankara Bəyannaməsi imzalanıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında ikinci üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, bəyannamə ilə birlikdə üç ölkə arasında əməkdaşlığa dair Yol Xəritəsi də müəyyənləşib.

Son xəbərlər
ADY Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib
"Mançester Yunayted" Ruben Amorimlə bağlı qərarını verib
Neftçalada 18 min manatlıq naqil oğurlanıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Prezident “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
Ruslan Əmircanov "Real Madrid" akademiyasında təcrübə keçib - FOTO
Eşqi Bağırov: Təhsil müəssisəsi daxilində neqativ hallara qarşı barışmaz mövqedəyik
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub