Kollagen necə istifadə olunmalıdır?
Kollagen, dərinin elastikliyini artırmaq, oynaqların sağlamlığını dəstəkləmək və ümumiyyətlə bədənin kollagen ehtiyatlarını artırmaq üçün istifadə edilir. Kollagen toz, kapsul və krem şəklində istifadə oluna bilər.
Dermatoloq Sevinc Kərimova Operativ Media-ya bildirib ki, müəyyən yaş dövründən sonra kollagen istifadəsi vacibdir:
"Kollagen dərimizə elastiklik verən əsas maddələrdən biridir. Yaş artdıqca, xüsusilə 38-40 yaşdan sonra dəridə kollagenin sintezi azalır. Buna görə də bu yaş dövründən sonra kollagenin mütəmadi istifadəsi tövsiyə olunur. Kollagenin sintezinin azalması yalnız dəridə deyil, həm də oynaqlardakı qığırdaqlarda zəifləməyə səbəb olur. Bu səbəbdən kollagenin qəbulu vacibdir.
Lakin kollagenin istifadəsinin yan təsiri olaraq, onun uzunmüddətli və çox miqdarda qəbulu qanınızdakı xolesterol səviyyəsini artırmağa səbəb ola bilər. Xolesterol xüsusilə yüksək və çox yüksək sıxlıqlı lipoproteinlər (HDL) və aşağı sıxlıqlı lipoproteinlər (LDL) arasında balansın pozulması ilə əlaqələndirilir. Bu vəziyyət isə damar divarlarında toplanan xolesterolun nəticəsində damarların tıxanmasına və ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Xüsusilə qanında lipid səviyyələri yüksək olan şəxslərin kollagen qəbul etməzdən əvvəl lipid səviyyələrini nəzarətdə saxlamaqları vacibdir. Onlar mütəmadi olaraq qan təhlilləri etdirməlidir".
"Qidalardan da kollagen əldə etmək mümkündür. Xüsusilə toyuq, mal əti və balıq kollogenin təbii mənbələridir. Xaş kimi yeməklər bu cəhətdən çox faydalıdır", - dermatoloq qeyd edib.
