
Azərbaycan və Afrika ölkələri arasında münasibətlər son illərdə sürətlə inkişaf edir. Bu əməkdaşlıq, siyasi, iqtisadi və humanitar sahələri əhatə edərək, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığa çevrilməkdədir.
Bunu "Operativ Media"ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib.
F.Əliyev bildirib ki, Azərbaycan və Afrika ölkələri arasında qurulan əlaqələr strateji xarakter daşıyır və uzunmüddətli əməkdaşlığa əsaslanır:
"Xüsusilə qeyd etmək lazımdır ki, Afrika ölkələri uzun illər Fransa və digər Qərb dövlətlərinin müstəmləkə siyasətindən əziyyət çəkiblər. Onların müstəqillik uğrunda apardıqları mübarizə tarixində ağır izlər qoyub. Eyni zamanda, Azərbaycan da öz suverenliyi uğrunda mübarizə aparıb və bu səbəbdən Azərbaycan xalqı müstəqilliyin əhəmiyyətini, onun qorunmasının vacibliyini dərindən anlayır. Bu gün Azərbaycan Afrika dövlətlərinin yanında olmaqla, onlara siyasi, iqtisadi və sosial dəstək göstərir. İkitərəfli münasibətlərin daha da möhkəmlənməsi istiqamətində mühüm addımlar atılır.
Somali Prezidenti Həsən Şeyx Mahmudun fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi təkcə qarşılıqlı fayda gətirməyəcək, həm də uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq. Azərbaycan Afrika dövlətlərinin inkişafına dəstək göstərmək üçün müxtəlif beynəlxalq platformalarda onların səsini ucaldır, bu ölkələrin maraqlarını müdafiə edir. Eyni zamanda, Afrika dövlətləri də Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə haqlı mövqeyini dəstəkləyir.
Bundan əlavə, humanitar sahədə də əməkdaşlıq genişlənir. Azərbaycan Afrika ölkələrinə müxtəlif sahələrdə texniki yardımlar göstərir, tələbələr üçün təqaüd proqramları təşkil edir, səhiyyə və təhsil sahələrində layihələr həyata keçirir. Bu, həm Azərbaycanla Afrika ölkələri arasındakı əlaqələri möhkəmləndirir, həm də xalqlar arasında dostluq münasibətlərinin inkişafına töhfə verir.
Bütün bu addımlar göstərir ki, Azərbaycan və Afrika ölkələri arasında qurulan əlaqələr strateji xarakter daşıyır və uzunmüddətli əməkdaşlığa əsaslanır. Bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə və hər iki tərəf üçün yeni imkanlar yaradacağına heç bir şübhə yoxdur".