Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edib.
"Operativ Media" xəbər verir ki, Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında iştirakına görə ABŞ nümayəndə heyətinə təşəkkürünü bildirdi.
Dövlətimizin başçısı ötənilki toplantıda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi baxımından yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi. Azərbaycan Prezidenti hazırda enerji diplomatiyamız qarşısında yeni vəzifə və tapşırıqların müəyyən edildiyini diqqətə çatdıraraq, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında səmərəli müzakirələrin aparılacağına əminliyin ifadə etdi.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin qoyduğu bünövrənin bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını vurğuladı. Azərbaycanın Xəzər dənizinin ölkəmizə aid sektorunda, eləcə də işğaldan azad edilmiş ərazilər daxil olmaqla quruda böyük həcmdə bərpaolunan enerji potensialına malik olduğunu qeyd edən Prezident İlham Əliyev bu xüsusda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının da keçirilməsinin əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev hər iki tədbirin bir-birini tamamladığını dedi.
Xanım Laura Loxman Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasının əhəmiyyətini vurğuladı və Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinin enerji təminatına əsaslı töhfələr verdiyini qeyd etdi.
Qonaq Cənub Qaz Dəhlizinin yaratdığı təməllər əsasında bərpaolunan enerji, o cümlədən yaşıl hidrogen sahəsində yeni əməkdaşlıq perspektivlərinin meydana çıxdığını qeyd etdi və bu layihələrin həyata keçirilməsində ölkəmizin vacib rol oynadığını bildirdi.
O, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması münasibətilə təbriklərini çatdırdı.
Görüşdə ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirildi və ABŞ-la Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olundu.
Söhbət zamanı nümayəndə heyəti ölkəmizin Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsi nəticəsində Azərbaycan vətəndaşının həlak olması ilə əlaqədar ABŞ-ın başsağlığını ifadə etdi.
***
11:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.