Menyu

Azərbaycanda qlobal brendlərin üzərinə keyfiyyət öhdəliyi niyə qoyulmur?

Nərmin Qocamanlı
Azərbaycanda qlobal brendlərin üzərinə keyfiyyət öhdəliyi niyə qoyulmur?

"Son illərdə Azərbaycana gətirilən məhsulların, əsasən də dərmanların istehsalçı ölkələrinin dəyişməsi səbəbindən həm qiymət bahalaşıb, həm də keyfiyyət aşağı düşüb".

Bu barədə Operativ Media-ya daxil olan şikayətdə bildirilib.

Şikayətçinin (Şərti adı A.B) sözlərinə görə, həm baxım məhsulları, həm uşaq qidaları, həm də dərman vasitələri əvvəllər Rusiya və Avropadan gəlirdisə, hazırda daha çox Türkiyə və Asiya ölkələrindən gəlir. Şikayətçi bildirir ki, Türkiyə istehsalı olan dərman məhsulları Rusiya və Avropa istehsalı olanlardan daha baha qiymətə təklif olunur.

Onun sözlərinə görə, məsələnin kökündə Azərbaycanda qanunla qlobal brendlərin üzərinə keyfiyyət öhdəliyi, ölkədə mütləq nümayəndəliyin olması ilə bağlı tələblərin qoyulmaması dayanır: "Bir çox qlobal brendin ölkədə nümayəndəliyi yoxdur. İstehlakçılar maksimum həmin brendin markalarını ölkəyə idxal edən idxalçı şirkətin mağazalara və apteklərə məhsul verən ekspeditoru ilə əlaqə saxlaya bilib hansısa məlumatı ala bilər. Ölkədə qlobal brendlərin markalarının keyfiyyətinə cavabdeh heç bir qurum yoxdur".

Məsələ ilə bağlı Milli Məclisin səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Operativ Media-ya danışıb.

Deputat dünya brendlərinin və dərman preparatlarının Azərbaycanda zəif təmsil olunmasının səbəblərinə aydınlıq gətirib:

“Hazırda müxtəlif dünya brendlərinin istər uşaq qidaları, istərsə də dərman preparatlarının Azərbaycan bazarında təmsil olunmaması və ya zəif təmsil olunmasının bir neçə səbəbi var. Əsas səbəblərdən biri bu məhsullar üçün bazarın yetərincə böyük olmamasıdır. Burada əhali sayı və potensial alıcı kütləsi mühüm rol oynayır.

Brendlərin bazara daxil olması təkcə satışla əlaqəli deyil, həm də müəyyən tələbatın yaradılması, maarifləndirici tədbirlər, reklam və marketinq məsələləri ilə sıx bağlıdır. Şirkətlər adətən bazarın böyüklüyünü və potensialını analiz etdikdən sonra yeni bazara daxil olmağa qərar verirlər.

İkinci əsas səbəb isə bəzi brendlərin daha asan qeydiyyat və bazara giriş prosedurlarına malik olan ölkələrə üstünlük verməsidir. Son dövrlərdə qanunvericilikdə edilən dəyişikliklər nəticəsində dünya brendlərinin qeydiyyatı və Azərbaycana gətirilməsi proseduru sadələşdirilib. Hazırda dərman preparatları və keyfiyyətli uşaq qidalarının ölkəyə idxalı üçün ciddi maneələr mövcud deyil.

Bu dəyişikliklərin nəticəsini zamanla görəcəyik. Brend markaların ölkəmizdə təmsil olunmasının mühüm əhəmiyyəti var. Belə ki, bununla bazara daxil olan məhsulun keyfiyyətinə nəzarət etmək və istehlakçılarla birbaşa əlaqə qurmaq mümkün olacaq.

Qlobal brendlərin ölkəmizdə təmsil olunmaması müəyyən problemlərə səbəb olur, lakin artıq qanunvericilikdə aparılan dəyişikliklər bazara çıxışı asanlaşdırıb. Keyfiyyətli məhsulların bazarda təmsil olunması üçün demək olar ki heç bir maneə qalmayıb. Bu dəyişikliklər prosesi daha da sürətləndirəcək”.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) sorğumuza cavab olaraq bildirdi ki, ölkəyə gətirilən dərmanların qiymətlərinin tənzimlənməsi və müəyyən edilməsi mövcud qanunvericiliyə əsasən Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid deyil:

“Dərman vasitəsinə qeydiyyat vəsiqəsi verildikdən sonra Azərbaycan Respublikasına idxal edilir. Qeydiyyat vəsiqəsi verilməzdən əvvəl dərman vasitəsinin keyfiyyəti laboratoriya şəraitdə yoxlanılır. Dərman vasitəsinin keyfiyyət parametrlərinin yoxlanması istehsalçı tərəfindən təqdim edilən sənədlərə əsasən həyata keçirilir. Laboratoriyada dərman vasitələrinin həm fiziki-kimyəvi, həm də mikrobioloji keyfiyyət göstəriciləri tədqiq edilir. Qeydiyyat vəsiqəsi verildikdən sonra dərman vasitəsi ölkəyə idxal edilə bilər.

Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”.

 

Teqlər:

"Az\u0259rbaycanda qlobal brendl\u0259rin \u00fcz\u0259rin\u0259 keyfiyy\u0259t \u00f6hd\u0259liyi niy\u0259 qoyulmur?"

Əlaqəli Xəbərlər