
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən görüş başa çatıb.
Operativ Media xəbər verir ki, Ukraynanın müdafiə naziri Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyəti danışıqlar zalını tərk edib.
Məsləhətləşmələrin iki saata yaxın davam etdiyi bildirilir. Görüşlə bağlı hələ ki, əlavə məlumat verilməyib. Nümayəndə heyətində Umerovdan başqa, prezident aparatı rəhbərinin müavini Pavel Palisa da iştirak edib.
ABŞ nümayəndə heyətinin tərkibinə Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Anton, həmçinin Ukrayna üzrə xüsusi elçinin köməkçiləri Keyt Kelloq və milli təhlükəsizlik müşaviri Mayk Uolts olub.
Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya ilə ABŞ nümayəndə heyətləri arasında görüş olacaq. Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək. Görüş zamanı Qara dəniz taxıl təşəbbüsünün yenilənməsi müzakirə olunacağı bildirilir.
***
21:40
Rusiya-Ukrayna müharibəsinin sona çatması ilə bağlı məsələlərin müzakirəsi üçün Ər-Riyadda Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb.
Operativ Media xəbər verir ki, bu haqda Ukraynanın müdafiə naziri sosial media hesabından verdiyi yazılı açıqlamada bildirib.
Umerov görüş zamanı enerji obyektlərinin və infrastrukturlarının təhlükəsizliyi ilə bağlı təkliflərin müzakirə ediləcəyini bildirib və aşağıdakı açıqlamaları verib:
"Bu gün biz bir sıra mürəkkəb texniki məsələlər üzərində işləyirik. Nümayəndə heyətimizə enerji ekspertləri, dəniz və hava komponentlərinin hərbi nümayəndələri daxildir".
Umerov açıqlamasında bildirib ki, onlar Ukrayna prezidenti Vladimir Zelenskinin “ədalətli sülhü yaxınlaşdırmaq və təhlükəsizliyi təmin etmək üçün” onlara verdiyi tapşırıqları yerinə yetirməyə çalışırlar.