Episentri Kahramanmaraşın Pazarcık rayonunda olan və ümumilikdə 10 əyalətə təsir edən 7,7 bal gücündə zəlzələ ilə əlaqədar Polşa, Rumıniya və Litva Türkiyəyə yardım göndərəcək.
"Operativ Media" xəbər verir ki, Polşanın daxili işlər naziri Mariuş Kaminski "Twitter" hesabında "Türkiyəyə etdiyimiz yardımın qəbulu üçün rəsmi icazə aldıq. Yanğınsöndürənlər bu gün Türkiyəyə gedəcək", - deyə bildirib.
Kaminski qeyd edib ki, Polşadan Türkiyəyə 76 yanğınsöndürən və 8 xilasedici it göndəriləcək.
Rumıniya hökuməti də Türkiyəyə yardım qrupları göndərəcəyini açıqlayıb.
Rumıniya Fövqəladə Hallar Komitəsi bəyan edib ki, Rumıniya prezidenti Klaus İohannis ilə məsləhətləşmədən sonra onlar axtarış-xilasetmə qruplarını zərər çəkmiş ərazilərə göndərəcəklər.
Litvanın xarici işlər naziri Qabrielus Landsberqis də zəlzələ ilə bağlı dərin hüznünü ifadə edərək, “Biz Litva olaraq xilasetmə və xilasetmə əməliyyatlarına dəstək olmaq üçün çadır, ədyal və tibbi xidmət göstərməyə hazırıq”, - deyə bildirib.