
Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın elan etdiyi ticarət müharibəsi ilə əlaqədar olaraq çərşənbə axşamı ölkədə fövqəladə iqtisadi vəziyyət elan edəcəyini bildirib.
Operativ Media xəbər verir ki, o, bu haqda bazar ertəsi Venezolana de Televisión telekanalında yayımlanan "Maduro Plus ilə" proqramında danışıb.
"Sabah mən Venesuela iqtisadiyyatını qorumaq üçün iqtisadi fövqəladə vəziyyət haqqında konstitusiya fərmanı imzalayacağam" .
Venesuela lideri hesab edir ki, “ABŞ hökuməti qlobal iqtisadi qaydaları pozur, beynəlxalq ticarət-iqtisadi hüququ və Ümumdünya Ticarət Təşkilatını məhv edir”. O, əlavə edib ki, “maliyyə bazarlarının çökməsi bütün dünyaya, xüsusən də Amerika xalqına təsir edib”.
Maduro bildirib ki, Venesuela “ölkəni bütün mümkün mənfi nəticələrdən qorumaq və qlobal iqtisadi müharibəyə cavab vermək üçün ticarət müharibəsinin mənfi nəticələrini yaxından izləyir”.
ABŞ prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minəcək. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən etibarən bütün idxal avtomobillərinə 25%-lik gömrük rüsumları tətbiq edib. Tramp iqtisadi vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.