
Bu gün Azərbaycan sabitliyin, inkişafın və qarşılıqlı əməkdaşlığın ölkəsinə çevrilib. Prinsipial mövqeyini qoruyub saxlayan ölkəmiz bir çox beynəlxalq təşəbbüslərə liderlik edir.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Operativ Media-ya bildirib ki, Azərbaycanın qazandığı nailiyyətlərin təqdim edilməsi və yaratdığı yeni siyasi reallığın regional əməkdaşlıq üçün açdığı imkanların göstərilməsi məqsədilə müxtəlif beynəlxalq platformalardan istifadə edilir: “Biz ilin əvvəlindən bu günə qədər baş tutan tədbirlərə nəzər saldıqda buna bir daha şahid ola bilərik. Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı, Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu, ADA Universitetinin təşkil etdiyi "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum çərçivəsində apardığı müzakirələr, Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasındakı çıxışı, çoxsaylı ikitərəfli görüşləri və nəhayət, Antalya Diplomatiya Forumundakı iştirakı bu xəttin davamıdır.
Bu ardıcıl diplomatik fəallığın arxasında dayanan əsas məqam Azərbaycanın həm ictimai, həm də elmi diplomatiya sahəsindəki irəliləyişlərin təqdimatı və yeni tərəfdaşlsrın qazanılmasıdır.
30 ilə yaxın işğal dövründə əziyyət çəkmiş və bu ədalətsizliyi öz daxili resursları hesabına aradan qaldırmağı bacarmış bir dövlət kimi əldə edilən uğurların bölüşülməsi çox vacibdir. Məhz bu səbəbdən dövlət və hökumət başçıları, xarici işlər nazirləri, elmi dairələrin nümayəndələri böyük məmnuniyyətlə Bakıya gəlir və Azərbaycanın siyasi lideri İlham Əliyev ilə forumlar çərçivəsində görüşürlər. Məqsəd İlham Əliyev ilə birbaşa əlaqələrin qurulmasıdır. İctimai və elmi diplomatiya baxımından bu tədbirlər mühüm əhəmiyyət daşıyır. Çünki burada təqdim olunan mövqelər birbaşa mənbədən əldə edilir, sonradan elmi məqalələrdə, təhlillərdə və nəşrlərdə geniş şəkildə yer alır.
Qeyd etmək lazımdır ki, bu il Azərbaycan Prezidenti ilk dəfə olaraq Antalya Diplomatiya Forumuna qatılıb. Belə nüfuzlu bir tədbirin qardaş Türkiyədə keçirilməsi, təbii ki, xüsusilə qürurvericidir. Antalya Forumu artıq qısa müddətdə Münhen Təhlükəsizlik Konfransı, Davos İqtisadi Forumu kimi beynəlxalq platformalarla eyni sırada yer almağa başlayıb. Bu Türkiyənin artan siyasi, iqtisadi və hərbi gücünün göstəricisidir. Azərbaycanla Türkiyəni yalnız qardaşlıq bağları deyil, həm də strateji müttəfiqlik birləşdirir. Bu birlik regionda sülhə və sabitliyə xidmət edir. Antalya Diplomatiya Forumu çərçivəsində baş tutan görüşlər isə bu əməkdaşlığı daha da dərinləşdirir və möhkəmləndirir”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Operativ Media -ya bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və düşünülmüş siyasət Azərbaycanı bu gün regionda və dünyada diqqət mərkəzinə çevirib: “Azərbaycanın artan nüfuzu, ona olan beynəlxalq maraq və ölkəmizin müxtəlif platformalarda fəal iştirakı bu siyasətin bariz göstəricisidir. Ölkəmizin qazandığı bütün uğurların təməlində Prezident İlham Əliyevin uzaqgörən strategiyası və qətiyyətli qərarları dayanır. Bir neçə gün öncə cənab Prezident ADA Universitetində keçirilən tədbirdə çox mühüm mesajlarla verdi.
Hazırda isə dövlət başçısı qlobal əhəmiyyətli Antalya Diplomatiya Forumunda (ADF) iştirak edir. Bu forum təkcə diplomatik gündəmin deyil, həm də dünya miqyasında narahatlıq doğuran hadisələrin müzakirə edildiyi mühüm platformadır. Yaxın Şərqdə və regionumuzda cərəyan edən gərgin proseslər fonunda belə tədbirlər daha da önəm qazanır.
Azərbaycan Prezidentinin Antalya Diplomatiya Forumunda iştirakı və ölkəmizin yüksək səviyyədə təmsil olunması növbəti bir siyasi uğur kimi dəyərləndirilməlidir. Çünki Azərbaycan bu gün siyasətini həm regional, həm də qlobal miqyasda ağıllı, uzaqgörən və çevik şəkildə aparır. Bu isə ölkəmizə dayanıqlı inkişaf, artan nüfuz və yeni imkanlar qazandırır”.