17 Aprel 2025, 14:32
Azərbaycan və Sloveniya XİN rəhbərləri arasında danışıqlar baş tutub - YENİLƏNİB
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə danışıqlar aparıb.
Azərbaycan və Sloveniya XİN rəhbərləri arasında danışıqlar baş tutub - YENİLƏNİB şəkil
Azərbaycan və Sloveniya XİN rəhbərləri arasında danışıqlar baş tutub - YENİLƏNİB

15 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon ilə görüşüb.

XİN-dən Operativ Media-ya verilən məlumata görə, nazirlər arasında keçirilmiş təkbətək və geniş tərkibdə görüşlər zamanı Azərbaycan və Sloveniya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoqun intensivləşdirilməsi, yüksək səviyyəli təmasların artırılması, müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş zamanı Azərbaycan-Sloveniya münasibətlərinin dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığı qeyd olunub, 2026-cı ildə diplomatik münasibətlərin 30 illiyinin qeyd ediləcəyi vurğulanıb. İkitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından siyasi dialoq, yüksək səviyyəli səfərlər, parlamentlərarası əlaqələr, iqtisadi və humanitar mübadilələrin böyük önəm daşıdığı vurğulanıb.

Tərəflər enerji, yaşıl texnologiyalar, nəqliyyat, İKT, kimya və əczaçılıq, turizm və digər sahələr üzrə əməkdaşlıq imkanlarını, eləcə də iqtisadi-ticarət əlaqələrinin və ticarət dövriyyəsinin genişləndirilməsi və artırılması üçün potensialı müzakirə ediblər. Təbii qaz və energetika sahəsində ötən il ərzində Azərbaycanın “SOCAR” və Sloveniyanın “Geoplin” şirkətləri, eləcə də iki ölkənin Energetika Nazirlikləri arasında imzalanmış sənədlər xüsusilə qeyd olunub.

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma prosesi, eləcə də beynəlxalq nəqliyyat dəhlizləri və Ələt Azad İqtisadi Zonası çərçivəsində əməkdaşlıq məsələlərinin Azərbaycan-Sloveniya əməkdaşlığı kontekstində böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Nazir Ceyhun Bayramov Tanya Fayona postmünaqişə dövründə bölgədəki vəziyyət, azad edilmiş ərazilərdə aparılan bərpa işləri, mina təhdidi ilə mübarizə və məcburi köçkünlərin qayıdışı barədə məlumat verib. Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqların hazırkı mərhələsi və bu prosesə mane olan amillər, xüsusilə də Ermənistan Respublikasının konstitusiyasında Azərbaycan Respublikasına qarşı ərazi iddialarına istinadların mövcudluğu və artıq öz əhəmiyyətini itirmiş olan Minsk Qrupu kimi təsisatların ləğv edilməsi məsələləri diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və beynəlxalq platformalarda əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşlərdən sonra mətbuat konfransı keçirilib, nazirlər bəyanatla çıxış edərək, media nümayəndələrinin suallarını cavablandırıblar.

***

13:45

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayo mətbuata bəyanatlarla çıxış ediblər.

***

13:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayo arasında geniştərkibli görüş keçirilib.

Operativ Media xəbər verir ki, daha sonra tərəflər mətbuata bəyanatlarla çıxış ediblər.

***
12:41

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayo arasında ikitərəfli görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin “X” hesabında paylaşım edilib.

Daha sonra tərəflər arasında geniştərkibli görüş başlayıb.

***
11:57

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonu qarşılayıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Daha sonra tərəflər arasında ikitərəfli danışıqlar başlayıb.

Son xəbərlər
İsrail Dohadakı nümayəndə heyətini geri çağırıb
Gəncədə ağır yol qəzası ölümə səbəb olub
Zelenski: ABŞ-nin təsiri çoxsaylı insan həyatını xilas edə bilər
"Çelsi" Rodriqonu transfer etməyi düşünür
İlham Əliyev və Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
20 May 2025, 23:25
Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul edib
"Louvre Plaza" şadlıq sarayında yanğın olub
PSJ Çempionlar Liqasının finalını öz stadionunda azarkeşlərə yayımlayacaq