Sükan arxasında sağlamlığa zərər verən 5 pis vərdiş
Müasir dövrdə avtomobil sürmək bir çox insanlar üçün gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin çoxumuz sükan arxasında keçirdiyimiz vaxtın sağlamlığımıza təsirini nəzərə almırıq. Davamlı və səhv vərdişlərlə avtomobil idarə etmək uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər.
Operativ Media sürücülərin sağlamlığına mənfi təsir göstərən 5 zərərli vərdişi təqdim edir:
1. Sükan arxasında düzgün oturmamaq
Təcrübəsiz bir sürücünün sükanı sıx şəkildə tutaraq qorxu içində oturmasını təsəvvür edin. Bəzən rahat görünmək üçün oturacağı arxaya əyib, qolları uzadaraq sükan arxasında əyləşirik. Lakin bu cür oturmaq onurğa və əzələ sisteminə ciddi zərər verə bilər.
Düzgün oturmaq üçün:
Oturacağınız bel hissəsi tam arxa dayağa söykənməlidir.
Dizlər təxminən 120 dərəcə bucaq altında əyilməlidir.
Əllər sükan üzərində saat 9 və 3 mövqeyində yerləşməlidir.
Bu düzgün duruş onurğaya düşən yükü azaldır, osteoxondroz və digər dayaq-hərəkət sistemi xəstəliklərinin qarşısını alır.
2. Uzun müddət fasiləsiz avtomobil idarə etmək
Bəzi sürücülər yüzlərlə kilometr məsafəni dayanmadan qət etməklə fəxr edirlər. Halbuki bu vərdiş təkcə yol qəzaları riskini artırmır, həm də sağlamlığa ciddi ziyan vurur.
Uzun müddət bir vəziyyətdə oturmaq qan dövranını ləngidir bu isə varikoz damarları və tromboz riskini yüksəldir.
Həkimlərin tövsiyəsi:
Hər 1,5–2 saatdan bir qısa fasilə verin, maşından düşüb bir neçə sadə hərəkət edin.
Bu qan dövranını yaxşılaşdırır və onurğaya düşən yükü azaldır.
3. Düzgün nəfəs almamaq
Sükan arxasında gərginlik və stress sürücülərdə nizamsız nəfəs almaya səbəb ola bilər. Bu hal "hiperventilyasiya" adlanır və başgicəllənmə, halsızlıq, hətta panik-ataklara yol aça bilər.
Nə etmək olar?
Vaxtaşırı dərindən nəfəs alın və yavaş-yavaş verin. “4-7-8” nəfəs texnikası – 4 saniyə nəfəs alma, 7 saniyə tutmaq, 8 saniyə nəfəsi buraxmaq – stressi azaltmaqda və diqqəti toplamaqda çox təsirlidir.
4. Kifayət qədər su içməmək
Xüsusilə uzun səfərlər zamanı susuzluq tez-tez rast gəlinən problemdir. Bədən yalnız 1% maye itirdikdə belə zehni performans 5% azalır. 2% susuzlaşma isə diqqətsizlik, başa düşmədə çətinlik və yaddaş itkisinə səbəb ola bilər.
Tövsiyə olunur:
Səfər zamanı özünüzlə su şüşəsi götürün və hər 2 saatdan bir azı 250 ml su için. Su içmək təkcə enerjinizi artırmır, həm də konsentrasiyanı və reaksiya qabiliyyətinizi yaxşılaşdırır.
5. Təbii ehtiyacları saxlamaq
Bir çox sürücülər xüsusən də uzun yolda vaxt itirməmək üçün tualet ehtiyaclarını saxlayır. Lakin bu vərdiş sidik yollarında infeksiyalar, sistit və hətta böyrək daşları riskini artırır.
Nə etməli?
Marşrutunuzu öncədən planlaşdırın və ehtiyac olduqda rahatlıqla dayana biləcəyiniz yerləri müəyyənləşdirin. Bu gün bir çox mobil naviqasiya tətbiqləri yaxınlıqdakı tualetlərin yerlərini də göstərir.
Sükan arxasında keçirdiyimiz vaxt yalnız məsafə deyil, sağlamlıq baxımından da əhəmiyyət daşıyır. Kiçik görünən bu vərdişlər zamanla böyük sağlamlıq problemlərinə səbəb ola bilər. Daha şüurlu və diqqətli olmaq, həm yol təhlükəsizliyi, həm də şəxsi rifah üçün vacibdir
Günay Nəcəfova