
Hava şəraitindən aslı olmayaraq bəzən tez-tez xəstələnirik. Çoxumuz isə bunu imunitetlə əlaqələndiririk. Belə bir məqamda əl atdığımız bir çox vasitələr olur. Belə vasitələrdən biri də vitaminlərdir. Heç kimə sirr deyil ki, imunitetimizi gücləndirmək üçün ilk köməyimizə, həkim göstərişi olmadan istifadə etdiyimiz vitaminlər gəlir.
Həkim təyinatı olmadan vitamin qəbulu nə dərəcədə düzgündür və hansı fəsadlara səbəb ola bilər?
Mövzu barəsində terapevt-həkim Şahvələd Məmmədov Operativ Media-ya açıqlama verib.
O bildirir ki, göstərişsiz vitamin qəbulu gizli qalmış xəstəliklərin fəsadını böyüdə bilər:
“Vitamin preparatlarının həkim təyinatı olmadan qəbulu düzgün deyil. Qadın və kişi cinsindən olan insanların xüsusilə də orta yaş dövründə məsələn, 40 yaşdan yuxarı şəxslərin bədənində hər hansı bir xırda xoşxassəli törəmələr, kistalar, xal törəmələri və ya daxili orqanlardakı xoşxassəli törəmələrin inkişafı baş verə bilər. Bu törəmələrin gələcəkdə onkoloji prosesə çevrilməsi riski mövcuddur. Xüsusilə B qrup vitaminlərinin həkim məsləhəti olmadan qəbul edilməsi bədənə əks təsir göstərə bilər. Vitaminlər təbii olaraq allergiya yarada bilər. Ən çox da B qrup vitaminləri.
Meyvə və tərəvəzin təbii vitaminləri müəyyən miqdarda vitamin preparatlarından daha faydalıdır. Bu birbaşa doğru bir yanaşmadır. İnsanlar xüsusilə 40 yaşdan yuxarı olanlar bəzən hansısa xəstəliyin daşıyıcısı ola bilərlər. Belə demək mümkündür ki, biz bunu əvvəlcədən bilmirik. Hər hansı bir xəstəlik illər boyu gizli qala bilər və yalnız təsadüfən aşkar olunur. Özbaşına bir qrup vitaminin qəbulu bəzən xoşxassəli törəmələrin böyüməsinə səbəb ola bilər.”
Günay Nəcəfova