
“Azərbaycan regionda mühüm tərəfdaşdır və Aİ-nin münasibətlərin möhkəmlənməsinə ümidləri var”.
Bunu Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
Siyasi elmlər doktoru, Milli Məclisin deputatı Rizvan Nəbiyev Aİ-nin ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərini Operativ Media-ya şərh edib:
“Kaya Kallasın Bakıya səfəri illərlə məhz Avropa İttifaqının ikili və qərəzli yanaşması ucbatından yığılıb qalmış məsələlərin həlli yolunda müsbət addımdır. Çünki Avropa İttifaqı - Azərbaycan münasibətlərini xarakterizə edən bir neçə mühüm faktor var ki, bu hər iki tərəfin münasibətlərin inkişafında istifadə edə biləcəyi geniş potensialı öznüdə ehtiva edir.
Birincisi, Azərbaycanın 30 illik işğala son qoymaqla regionda yaratdığı yeni siyasi reallıqlar və bu yeni status kvonun əməkdaşlıq üçün təklif etdiyi imkanlar - Bu təkcə Avropa İttifaqı - Azərbaycan deyil, həm də Avropa İttifaqının digər region dövlətləri ilə sabit əsasda münasibətlərinin inkişafı və mövcud potensialın açılması üçün geniş imkanlar təklif edir.
Digər vacib bir məqam Azərbaycanın malik olduğu coğrafi mövqenin yeni siyasi reallıqlar şəraitində əməkdaşlıq üçün gətirdiyi üstünlüklərdir. Bu Avropa İttifaqının Çinlə, Çinin Avropa İttifaqı ilə münasibətlərində və Avropa İttifaqının Orta Asiya dövlətləri ilə münasibətlərində xüsusilə önəmlidir.
Nəzərə alsaq ki, Avropa İttifaqının Orta Asiyaya yönəlik və 2030-cu ilədək olan dövrü əhatə edən investisiya, iqtisadi və ticarət sahələrində yeni strategiyası hazırlanıb. Bu strategiyanın reallaşdırılması Şərq-Qərb Orta dəhlizdən, konkret Azərbaycanın yaratdığı çoxşaxəli infrastrukturdan istifadəni zəruri edir. Beləliklə, Avropa İttifaqının Orta Asiya və Çinlə münasibətlərində Azərbaycanın malik olduğu infratstrukturdan loqistika-nəqliyyat sahəsində əməkdaşlıq üçün də istifadə intensivləşəcəkdir. Aprel ayının əvvəllərində Səmərqənddə keçirilən Avropa İttifaqı-Orta Asiya sammitində bu məsələnin əhəmiyyəti bir daha vurğulandı və qəbul edilən yekun sənəddə də öz əksini tapdı.
Yeni ABŞ adminstrasiyasının Çinə və Avropa İttifaqına tətbiq etdiyi yeni rüsumlar zəncirində Avropa İttifaqı və Çin arasında qarşılıqlı olaraq iqtisadi-ticari münasibətləri daha da intensivləşdirmək istəyi və bazar kimi bir-birilərinə olan tələbatın artması da Orta dəhlizin əhəmiyyətini gücləndirir. Azərbaycan yaratdığı infrastrukturla orta dəhlizin iqtisadi imkanlarını genişləndirməkdədir. Azərbaycanın Çinlə aprelin 23-də imzaladığı hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin yaradılması ilə bağlı birgə bəyanatda belə bir məqam yer alır, Çin-Avropa-Çin transxəzər ekspress marşrutların yaradılması və marşrut boyunca dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi. Bu məsələ Avropa İttifaqının həm Çin, həm də Orta Asiya ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin intensivləşməsində Azərbaycanın loqistika-nəqliyyat imkanlarından indi olduğundan daha çox istifadəni labüd edir. Nəzərə alaq ki, Avropa İttifaqı və Çin arasında ticarət dövriyyəsi 730 milyard ABŞ dollarından çoxdur.
Digər bir vacib məqam isə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində olan əməkdaşlıqdır. Azərbaycan Avropa İttifaqının 8, ümumilikdə isə Avropanın 10 dövlətini qazla təchiz edir. Hətta Azərbaycan Avropa ölkələrinin qazla təchizatının coğrafi şəbəkələşməsinə görə birinci yerdədir. Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin mühüm komponenti olmasını nəzərə alsaq bu məsələ də Azərbaycanın etibarlı tərəfdaş kimi vacibliyi önə gəlir.
Təbii ki, Azərbaycana münasibətdə illərlə yığılıb qalmış ikili standartlardan irəli gələn stereotiplər var ki, onlardan artıq qurtulmaq zamanıdır. İşğal dövründən qalan Avropa İttifaqı yanaşmasının Azərbaycanın yaratdığı yeni siyasi reallıqlara və əməkdaşlıq imkanlarına fokuslanan yeni strategiyanı gündəmə qoyulmasının tam zamanıdır.
Hesab edirəm ki, vitse-prezident Kaya Kallasın səfəri də bütün bunlara hesablanmış məsələdir: Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqların qəbulu və yeni status kvonun yaratdığı üstünlkülərə fokuslanan əməkdaşlığın inkişafı".