
"İran Prezidentinin Azərbaycana səfəri iki dövlət arasındakı münasibətlərdə ciddi əhəmiyyət kəsb edir".
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib:
"İran Prezidentinin ölkəmizə gəlişi çox önəmli bir hadisədir. Azərbaycan-İran münasibətlərini iki hissəyə bölmək istərdim. 2020-ci il 44 günlük Vətən müharibəsinə qədərki Azərbaycan-İran münasibətləri tamamilə fərqli bir regional konfiqurasiya üzərində qurulmuşdu. Və yeni reallıqda Azərbaycan torpaqlarını artıq işğaldan azad etmişdi. İran-Azərbaycan sərhəddi bildiyiniz kimi 133 km-dən çox məsafədə işğal altında idi. Bütün bu yeni reallıqlar nəzərə alındıqda Azərbaycan və İran arasında münasibətlərdə yenidən müzakirə olunması gərəkli olan məsələlər mövcuddur. Azərbaycan-İran arasında xüsusilə transport-kommunikasiya xətləri baxımından böyük əməkdaşlıq perspektivləri vardır. Şimal-cənub marşrutuna nəzər salsaq bu marşrut Rusiyadan başlayıb Azərbaycandan keçərək İran üzərindən Hind Okeanına qədər uzanır. Bu marşrutun əhəmiyyəti çox böyükdür.
Həmçinin şimal-cənub marşrutunun İranda sonlanması və Hind Okeanına çıxışın təmin edilməsi, Orta Dəhlizlə kəsişməsi də əhəmiyyətlidir. İran nümayəndə heyətinin tərkibinə nəzər saldıqda görürük ki, İran-Azərbaycan sərhədində yerləşən şimal-qərb bölgələrinin rəhbərləri də bu heyətdə yer alır. Bu da onu göstərir ki, İran Azərbaycanla sərhəddəki regionların inkişafına və qarşılıqlı münasibətlərin möhkəmlənməsinə böyük maraq göstərir.
Transport-kommunikasiya məsələsi ilə bağlı İran dəfələrlə vurğulayıb ki, regionda heç bir ərazi bütövlüyü və suverenlik məsələsinə xələl gəlmədən marşrutlar açılmalıdır. Bizim də bu yanaşmanı dəstəklədiyimizi qeyd etmək istərdim. Lakin bir məsələyə də diqqət yetirilməlidir: Azərbaycanı Naxçıvanla birləşdirən Araz koridoru xətti İran üzərindən keçir. Buna baxmayaraq biz bu marşrutu şaxələndirməliyik.
Ölkəmizin ətrafında gedən diplomatik hərəkətləri nəzərdən keçirək: Çin ilə yüksək səviyyəli səfərlər, Avropa İttifaqı nümayəndələrinin Azərbaycana rəsmi səfərləri, Türkiyə ilə sıx münasibətlər və İran Prezidentinin Azərbaycana səfəri. Bütün bunlar göstərir ki, Azərbaycan bu regionun əsas güc mərkəzidir. Hesab edirəm ki, bütün ölkələr, o cümlədən İran Azərbaycanla əməkdaşlıq edərək münasibətləri yaxşı saxlamaqda maraqlıdırlar.”