
İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və İraq arasında dostluq və əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Görüşdə ikitərəfli münasibətlərin, o cümlədən ticarət, investisiya, enerji, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans (AQEM) kimi beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsi vurğulanıb.
Xarici işlər naziri Ceyhun Bayramov İraq Prezidentinə regionda münaqişədən sonrakı bərpa prosesi və sülh gündəliyi haqqında ətraflı məlumat verib.
Hər iki tərəf qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyini bir daha təsdiqləyib.