Menyu

Zəfəranın qiymətini qızıl qiymətinə bərabər edən nədir?

Nərmin Qocamanlı
Zəfəranın qiymətini qızıl qiymətinə bərabər edən nədir?

Zəfəran həm ədviyyat, həm də dərman olaraq qədim zamanlardan bəri tanınan və yüksək dəyərə malik olan bir bitkidir. Onun parlaq narıncı rəngi və özünəməxsus qoxusu zəfəranı digər ədviyyatlardan fərqləndirir. Zəfəran yalnız kulinariya sahəsində deyil, həm də müalicəvi xüsusiyyətləri ilə diqqət çəkir.

Zəfəranın qiyməti bəzən qızıl ilə müqayisə edilir. Bəzi bazarlarda bir qramı hətta 38 AZN-ə satılır ki, bu da onun nə qədər nadir və qiymətli olduğunu göstərir.

Bəs zəfəranı bu qədər qiymətli edən nədir?

Mövzu ilə bağlı Operativ Media-ya danışan botanist Ülviyyə Quliyeva zəfəranın yüksək qiymətini yetişdirilməsindəki çətinliklərlə əlaqələndirir.

Onun sözlərinə görə, zəfəran nadir və qeyri-adi bir bitkidir. Ölkəmizdə yalnız Abşeron yarımadasında zəfəran yetişdirilə bilər. Bu bitki soğanaqlar vasitəsilə çoxalır və hər bir soğanağın çiçək vermə qabiliyyəti onun böyüklüyünə bağlıdır. Məsələn diametri 3-4 sm olan soğanaqlar bir neçə çiçək verir amma diametri 4 sm-dən çox olanlar 8-9 çiçək verə bilər. Yalnız müəyyən şərtlər altında zəfəran əkinindən məhsul əldə etmək mümkündür buna görə də onun qiyməti çox yüksəkdir.

Abşeronda zəfəran adətən iyul və avqust aylarında əkilir. Bununla yanaşı bəzi insanlar evdə də zəfəran yetişdirmək istəyirlər. Zəfəranın ən çox idxal edildiyi ölkə İrandır. Lakin İrandan gətirilən zəfəran keyfiyyətcə aşağı olduğu üçün ölkəmizdə yetişdirilən zəfəran daha çox üstünlük təşkil edir.

Qida eksperti Məhsəti Hüseynova zəfəranın sağlamlıq üzərindəki müsbət təsirlərini vurğulayıb. O, bildirib ki, zəfəran tərkibindəki nadir vitaminlər və minerallar sayəsində orqanizmə böyük fayda verir. Zəfəran xüsusilə antioksidan təsir göstərərək sərbəst radikallarla mübarizə aparır. Bu da xərçəngin qarşısını almağa kömək edir. Xərçənglə mübarizə üçün zəfəran tərkibli qidaların, çayların istehlakı xüsusilə faydalıdır.

Zəfəranın tərkibində olan B və C vitaminləri, həmçinin kalsium, dəmir və digər minerallar orqanizmin sağlamlığını qorumağa, immun sistemini gücləndirməyə və daxili orqanların funksiyalarını yaxşılaşdırmağa kömək edir. Həmçinin, zəfəran özündə uçucu yağlar saxlayır ki, bu da onun iltihab əleyhinə təsirini artırır. Yaddaşı gücləndirir, qavrama qabiliyyətini yaxşılaşdırır və qan dövranını tənzimləyir. Zəfəran həmçinin həzm sistemini yaxşılaşdırır, bununla da orqanizmin ümumi sağlamlığını dəstəkləyir.

Teqlər:

"Z\u0259f\u0259ran\u0131n qiym\u0259tini q\u0131z\u0131l qiym\u0259tin\u0259 b\u0259rab\u0259r ed\u0259n n\u0259dir?"

Əlaqəli Xəbərlər