Prezident: COP29 ölkəmizin çoxtərəfli diplomatiyaya sadiqliyini bir daha təsdiqləyib
"Biz BMT-nin və onun təsisatları ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk".
Operativ Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - "GlobE Network"un altıncı plenar iclasının iştirakçılarına ünvanladığl müraciətində bildirilib:
"Azərbaycan ötən ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmişdir. Bu mötəbər tədbir dünya liderlərini, siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələrini və müvafiq sahələrin peşəkarlarını bir araya gətirməklə qlobal çağırışlara qarşı həmrəylik nümayiş etdirmiş, ölkəmizin çoxtərəfli diplomatiyaya sadiqliyini bir daha təsdiqləmişdir.
Biz, həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyat Şəbəkəsi ilə əməkdaşlığımıza xüsusi önəm veririk. Nisbətən gənc platforma olmasına baxmayaraq, GLOBE Şəbəkəsi qısa müddətdə müxtəlif ölkələrdən anti-korrupsiya sahəsində çalışan peşəkarları birləşdirən səmərəli və inklüziv beynəlxalq mexanizmə çevrilmişdir. Bu platformanın artan əhəmiyyəti korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın və hüquqi yardımın nə qədər vacib olduğunu bir daha nümayiş etdirir.
Azərbaycanda prokurorluq orqanlarında geniş və mütərəqqi islahatlar həyat keçirilmiş, qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması təmin olunmuşdur. Hüquq-mühafizə orqanlarımız korrupsiya, transmilli cinayətkarlıq, terrorçuluq, separatçılıq, insan alveri, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qeyri-qanuni miqrasiya və digər təhdidlərə qarşı beynəlxalq səviyyədə fəal iştirak edir və bu sahələrdə əməkdaşlığa töhfə verir".