
Çox insan özünü yaxşı hiss etmədikdə və ya xəstələndikdə, həkim təyinatı olmadan, ənənəvi olaraq öz hazırladıqları reseptlərdən istifadə edirlər. Bu reseptlər arasında isə çox vaxt ağır xəstəliklərdə istifadə edilən antibiotiklər də yer alır.
Antibiotiklərdən istifadə edərkən çox vaxt onun törədə biləcəyi fəsadlar barədə düşünülmür. Lakin antibiotiklərin əsassız və düzgün təyinat olmadan istifadəsi ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Həkim-terapevt Etibar Süleymanov Operativ Media-ya açıqlamasında bildirib ki, antibiotiklərin əsassız istifadəsi ölümə belə səbəb ola bilər:
Antibiotiklərin əsassız istifadəsinin fəsadları:
Antibiotiklər adından da göründüyü kimi mikroblara, xəstəlik törədən orqanizmlərə qarşı bədənin müdafiəsi üçün istifadə edilir. Lakin antibiotiklər gündəlik istifadə olunan və resepsiz şəkildə qəbul edilən dərmanlar qrupuna daxil deyil. Onların istifadəsi üçün mütləq həkim təyinatı lazımdır. Bakterial infeksiyalar və digər xəstəlik törədicilərinin müalicəsi üçün istifadə edilən antibiotiklər dünyada ən çox infeksion xəstəliklərdə tətbiq edilir. İnkişaf etmiş ölkələrdə isə apteklərdə antibiotiklər resepsiz satışa təqdim edilmir. Lakin bizdə antibiotiklərin sərbəst satılması ciddi təhlükə yaradır.
Antibiotiklərin yan təsirləri ola bilər və bu yan təsirlər ciddi fəsadlara səbəb ola bilər. Bu təsirlər arasında ən çox rastlananlar aşağıdakılardır:
-
Anafilaktik şok
-
Allergiya
-
Disbakteriyoz
-
İshal
-
Üz və ya boğazda şişkinlik
-
Göbələk infeksiyaları və ya əlamətlərin yaranması
Buna görə də, antibiotiklərin yalnız həkim təyinatı ilə və düzgün şəkildə istifadə edilməsi vacibdir.