
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Amerika Pediatrik Akademiyası körpələrin ilk 6 ay müddətində yalnız ana südü ilə qidalanmalarını tövsiyə edirlər. Körpəyə 6 aydan sonra isə süni qidalar verilə bilər.
Bu fikirləri Operativ Media-ya açıqlamasında pediatr Şəlalə Poluxova bildirib.
Pediatr ilk növbədə ana südünün körpələr üçün bir sıra əvəzolunmaz üstünlüklərini qeyd edib:
Qida və immunitetin qorunması
Ana südü körpənin həm qida ehtiyaclarını qarşılayır, həm də onun immun sistemini gücləndirir. Ana südü immunoglobulinlər, ağ qan hüceyrələri və digər qoruyucu maddələrlə zəngindir. Bu maddələr körpəni infeksiyalardan qoruyur.
Emosional və psixososial inkişaf
Ana südü ilə qidalanma körpə ilə ana arasında güclü bir emosional bağ yaradır. Bu isə uşağın psixososial inkişafına müsbət təsir göstərir.
Maddi baxımdan sərfəlidir
Ana südü həm də maddi baxımdan daha sərfəlidir, çünki süni qidalar baha ola bilər və bu, ailə büdcəsinə əlavə yük gətirir.
Süni qida ilə qidalanmanın riskləri
Süni qidalar ana südünün ehtiva etdiyi immunitet təmin edən maddələri saxlamır. Buna görə də süni qida ilə qidalanan körpələr daha tez-tez infeksiyalara məruz qala bilərlər. Məsələn qulaq, tənəffüs yolu və sidik yolu infeksiyaları daha çox rast gəlinir.
Həzm problemləri
Süni qida ilə qidalanan körpələrdə qarın ağrıları və həzm problemləri daha çox müşahidə olunur. Bu problemlər ana südü ilə qidalanan uşaqlarda isə nadir hallarda baş verir.
Alergiyaların artan riski
Araşdırmalar süni qida ilə qidalanan körpələrdə allergiya riskinin daha yüksək olduğunu göstərir.
Fiziki və zehni inkişaf
Süni qidalar ana südündə olan bəzi vacib maddələri, məsələn, omeqa-3 və omeqa-6 yağ turşularını ehtiva etmir. Bu səbəbdən süni qida ilə qidalanan uşaqların beyin və fiziki inkişafında geriliklər ola bilər.
Artıq çəki və diabet riski
Süni qida ilə qidalanan uşaqlarda gələcəkdə artıq çəki və tip 2 diabet riski daha yüksəkdir.
Emosional bağ
Süni qida ilə qidalanan uşaqlarda ana ilə olan emosional bağın formalaşması fərqli ola bilər, bu isə uşağın psixososial inkişafına təsir göstərə bilər.
Süni qidaların istifadəsi
Pediatr qeyd edib ki, süni qidalar yalnız həkim təyinatı ilə istifadə edilməlidir:
"Ana südü verə bilməyən analarda və ya bəzi metabolik xəstəliklərdən əziyyət çəkən körpələrdə süni qida mütləqdir. Lakin bu yalnız tibbi göstərişlərə əsaslanmalıdır. Süni qida alternativ olaraq düşünülməməli, yalnız həkimin təyinatı ilə istifadə edilməlidir. Ümumiyyətlə körpənin ilk 6 ayında yalnız ana südü ilə qidalanması tövsiyə olunur. Bundan sonra isə 2 yaşına qədər ana südü ilə birlikdə tamamlayıcı qidaların verilməsi faydalıdır."