
Cəmiyyətin sağlam inkişafı üçün səhiyyə sistemi mühüm rol oynayır. Azərbaycanda son illərdə səhiyyə sahəsində bir sıra islahatlar aparılsa da, regionlarda həkim çatışmazlığı problemi hələ də aktuallığını qoruyub saxlamaqdadır.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə görə, ölkədə ümumilikdə 35.233 həkim fəaliyyət göstərir.
Ən çox göstəricilər Bakı, Sumqayıt və Gəncə şəhərlərində qeydə alınmışdır. Belə ki, 35.233 həkimdən Bakı şəhərində ümumilikdə 23.905, Sumqayıt şəhərində 1500, Gəncə şəhərində 1174 olmaqla qalanları digər şəhər və rayonların payına düşür.
Statistikadan gördüyümüz kimi ən çox həkim kadrları Bakıda xidmət göstərir.
Həkim kadrlarının sayının regionlarda az olmasına səbəb nədir?
Bu barədə Operativ Media-ya tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlama verib.
O bildirir ki, regionlarda həkim çatışmazlığını aradan qaldırmaq üçün stimullaşdırıcı tədbirlər görmək olar:
"Azərbaycanın tibb kadrlarının ölkə üzrə bölgüsündə ciddi problemlər mövcuddur. İxtisaslaşmış həkimlərin əksəriyyəti əsasən Bakı, Gəncə və bir qədər də Sumqayıt şəhərlərində cəmləşib. Xüsusilə, Bakı şəhərində bu kadrlar daha çoxdur. Rayonlarda və regionlarda isə ixtisaslaşmış həkim çatışmazlığı müşahidə edilir. Bunun əsas səbəblərindən biri həkimlərin həmin bölgələrdə işləməyə maraq göstərməməsidir. Çünki onlar özlərini peşəkar sahədə inkişaf etdirmək və reallaşdırmaq istəyirlər, amma rayonlarda bu imkanlar məhduddur.
Rayonlarda yaxşı həkimlər işsiz qala bilər və onların sosial müdafiəsi də yetərincə təmin olunmur. Bütün bu faktorlar regionlarda həkimlərin qalmasında çətinliklər yaradır.
Bu məsələlərə dair dəfələrlə təkliflər irəli sürülüb. Həkimlərə regionlarda işləmək üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Məsələn, onların stajına dair yeni yanaşmalar tətbiq edilməli, güzəştli təminatlar təmin olunmalı və maaş hesablanmasında dəyişikliklər edilməlidir. Yalnız bu cür stimullaşdırıcı tədbirlər, həkimləri regionlarda saxlamağa və orada yüksək keyfiyyətli tibbi xidmətin təmin olunmasına kömək edə bilər.
Başqa bir həll yolu isə mənim fikrimcə mümkün deyil".