Azərbaycan və Suriya XİN başçıları ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə görüşüb
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan və Suriya arasında ikitərəfli münasibətlərin bərpası və inkişafı məsələləri, həmçinin regional təhlükəsizlik gündəliyindəki mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov uzun fasilədən sonra Dəməşqdə Azərbaycan Respublikasının Səfirliyinin fəaliyyətinin bərpa olunmasının ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğunu qeyd edib, Suriya ilə siyasi dialoqun, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın Suriyada sabitliyin və dayanıqlı sülhün bərqərar olunmasını dəstəklədiyi bildirilib, bu xüsusda Suriyanın bərpası prosesində Azərbaycanın iştirak etməyə hazır olduğu və humanitar yardımın davam etdiriləcəyi diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin, Suriyaya qarşı tətbiq olunan birtərəfli sanksiyaların ləğv olunması təqdir olunub və bu kimi tədbirlərin ölkənin bərpası və regional inteqrasiyasına dəstək verəcəyi qeyd edilib.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və həmrəyliyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki cari gərginliklər ətrafında fikir mübadiləsi aparılıb.
İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış eskalasiyanın narahatlıq doğurduğu, vəziyyətin diplomatik yollarla tənzimlənməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
20:18
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Suriya xarici işlər naziri Əsəd əl-Şeybani ilə görüşüb.
Operativ Media xəbər edir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Tərəflər İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində bir araya gəliblər.
Müzakirələr zamanı nazirlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı hərtərəfli fikir mübadiləsi aparıblar.
Humanitar yardım təşəbbüslərinin gücləndirilməsinə və münaqişədən sonra bərpa səylərində əməkdaşlıq imkanlarının araşdırılmasına xüsusi diqqət yetirilib.
Suriyaya qarşı tətbiq edilən birtərəfli sanksiyaların aradan qaldırılmasının vacibliyi vurğulanıb, onların aradan qaldırılmasının ölkənin yenidən qurulması və uzunmüddətli inkişafının asanlaşdırılmasında mühüm rol oynayacağı vurğulanıb.
Nazirlər həmçinin Yaxın Şərqdə baş verən hadisələrə, İsrail və İran arasında son eskalasiyaya diqqət yetirməklə, aktual regional və beynəlxalq təhlükəsizlik narahatlıqlarına toxunublar.