“Süni intellekt insanı daha da tənhalaşdıra bilər” – Psixoterapevtdən xəbərdarlıq

Nərmin Qocamanlı
“Süni intellekt insanı daha da tənhalaşdıra bilər” – Psixoterapevtdən xəbərdarlıq

Hazırda dünyanın hər yerində süni intellekt texnologiyaları alternativ bir yardım vasitəsi kimi ön plana çıxır. 

Gecə-gündüz əlçatan olması, gözləmə tələb etməməsi və çox zaman pulsuz olması bu sistemləri milyonlarla insan üçün cazibədar edir.

Lakin burada bir neçə sual yaranır: süni intellektin verdiyi cavablar, bir insan terapevti ilə qurulan real və şəfqətli münasibətin yerini tuta bilərmi?

Süni intellekt insanı daha da içinə qapanmış və heç kəslə ünsiyyət qurmayan bir hala gətirə bilərmi?

Mövzu ilə bağlı Operativ Media-nın suallarını klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov cavablandırıb.

Onun sözlərinə görə, süni intellektlə söhbət qısamüddətli rahatlıq versə də, uzunmüddətli təsirdə psixoloji izolyasiya riskini artırır:

"Süni intellekt əlavə dəstək aləti kimi dəyərlidir. İnformasiyanın tez və əlçatan olması sosial platformada faydalılığı tənzimləyir. Süni intellekt insanın emosional varlığını əvəz edə biləcək bir vasitə deyil. İnsanlar süni intellekti psixoloji dəstəyin əsas forması kimi qəbul etməyə başlasa, bu, emosional təkliyin artmasına, münasibətlərin səthiləşməsinə və psixoloji izolyasiyaya gətirib çıxara bilər. İnsana emosional dəstəyi insan verir, texnologiyalar isə imkanlar üçün bir vasitədir.

Süni intellektlə danışmaq bəzi insanlar üçün komfort zona yaradır. Yəni onunla danışanda tənqid, qərəz və ya qınaq yoxdur. Süni intellektlə söhbət qısamüddətli rahatlıq versə də, uzunmüddətli təsirdə psixoloji izolyasiya riskini artırır.

Psixoterapiyanın meyarı real münasibət və qarşılıqlı emosional reaksiyadır. Psixoterapevtin bədən dili, diqqəti və emosional tənzimləməsi pasiyentin düşüncəsində müsbət dəyişikliklər yarada bilər. Süni intellekt isə bunları təmin edə bilməz. 

Hisslərini rəqəmsallaşdıran insanlar zamanla reallıqda ünsiyyətin daha yorucu və riskli olduğunu düşünüb emosional qapanma yaşaya bilər. Süni intellekt insanı hiss edə bilmir, empatiyanı simulyasiya edir. Süni intellektin emosional çəkisi yoxdur".
 

Digər xəbərlər