Yay fəslinin gəlişi ilə birlikdə kondisionerlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Lakin bu cihazlardan düzgün və ehtiyatlı istifadə edilmədikdə həm insan sağlamlığına, həm də cihazın uzunömürlülüyünə mənfi təsir göstərə bilər.
Həkim terapevt Sübhan Hacıyev Operativ Media-ya bu barədə açıqlama verib:
"Təssüflər olsun ki, bu dərəcədə istifadə orqanizmin fizioloji xüsusiyyətlərinə mənfi təsir göstərir.
Belə ki, uzunmüddətli soyuq hava axınında qalmaq tənəffüs yollarına mənfi təsir göstərir. Tənəffüs yollarında quruluq , gözlərdə quruluq yaranır . Eyni zamanda soyuq havanın çox uzunmüddətli içəri çəkilməsində üst və alt tənəffüs yollarında xəstəliklər baş verir.
Bundan başqa kondisionerlərin filterlərinin vaxtlı - vaxtında təmizlənməməsi nəticəsində içəridə toplanmış bakteriyaları və göbələklər hava axını vasitəsilə tənəffüs yollarına daxil olur. Nəticədə üst tənəffüs yolu xəstəlikləri olan faringit və laringit , al tənəffüs yolu xəstəlikləri olan bronxit və bronxiolit kimi xəstəliklərə gətirib çıxara bilir. Bəzən də ağır pnevmoniyaya qədər fəsadlaşa bilir.
Eyni zamanda soyuq hava axını bir çox tənəffüs allergik problemləri üzə çıxara bilir. Məsələn bronxial astmaları olan xəstələrdə bəzən soyuq havaya qarşı kəskin hiperreaktivlik reaksiyaysı olur onların astmatik komponentlərinin üstünlük təşkil etdiyi dövr başlayır ki, bu zaman xroniki xəstəliyin kəskinləşmə dövrünə girirlər.
Bundan əlavə olaraq ani və 12 dərəcədən çox olan hava dəyişkənliyi misal üçün 35 dərəcədə istidə bir insan çöldə gəzirsə və dərhal gəlib 18 dərəcənin altına girirsə bədənə və əzələlərə təmas etməsi əzələ və bədən ağrılarına səbəb olur.
Nəticədə əzələ iltihabı xəstəliyinin yaranmasına səbəb olur. Ümumilikdə kondisionerlər 22-25 dərəcədə olmalıdır. Uzunmüddətli kondisioner istifadəsi otaqda nəmlənmənin qarşısını alır. Bu səbəbdən insanlar tez-tez su tükətməlidirlər."
Şəfa Hüseynli