İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Bakıdakı regional ofisində mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığa həsr olunmuş ilk seminar təşkil olunub.
Operativ Media xəbər verir ki, 2025-ci il aprelin 29-da açılan ICESCO-nun Bakıdakı regional ofisinin əsas vəzifəsi Qafqaz və Mərkəzi Asiya ölkələri – Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan arasında əməkdaşlığın koordinasiya edilməsidir.
Bu region Böyük İpək yolundan qeyri-maddi irs ənənələrinin müxtəlif nümunələrinə qədər nadir mədəni sərvətə malikdir və qlobal mədəni məkanın formalaşmasında mühüm rol oynamağa qadirdir.
Tədbiri giriş sözü ilə açan ICESCO-nun Bakıdakı regional ofisinin direktoru Abdulhakeem Al-Senan seminar iştirakçılarını salamlayıb. O, bu tədbirə töhfə verənlərin hər birinə təşəkkürünü bildirib.
O, çıxışında vurğulayıb ki, Bakıdakı regional ofis ICESCO-nun Qafqaz və Mərkəzi Asiyada mövcudluğunu gücləndirmək, eləcə də üzv dövlətlər arasında daha sıx əməkdaşlığa kömək etmək məqsədilə yaradılıb.