Sülh müqaviləsi istiqamətində qətiyyətli addımlar: Prezident İlham Əliyevin diplomatik iradəsi - ŞƏRH
Xəbər verdiyimiz kimi, avqustun 8-də ABŞ-də Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü gözlənilir.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Operativ Media-ya görüşün tarixi önəmindən danışıb.
O, bildirib ki, ABŞ-nin regionda sülh gündəminə diqqət yetirməsi Azərbaycan Prezidentinin bu istiqamətdə apardığı prinsipial siyasətin nəticəsidir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionda davamlı sülhün əldə olunması və sabitliyin təmin olunması istiqamətində apardığı prinsipial və məqsədyönlü siyasət öz bəhrəsini verməkdədir. Cənab Prezidentin təşəbbüsü ilə irəli sürülmüş sülh gündəliyi artıq regional çərçivəni aşaraq qlobal səviyyədə də diqqət mərkəzinə çevrilmiş və qəbul edilmişdir.
Azərbaycan Prezidentinin düşünülmüş siyasi və diplomatik strategiyası nəticəsində regionda yeni bir siyasi reallıq yaranıb ki, bu reallıq əsasında formalaşan əməkdaşlıq mühiti yalnız region ölkələrinin deyil, daha geniş coğrafiyada yerləşən nəhəng dövlətlərin də maraq dairəsindədir.
Azərbaycan Vətən müharibəsindən qısa müddət sonra Ermənistan tərəfinə sülh müqaviləsinin əsasını təşkil edən 5 prinsip təqdim edib. Növbəti mərhələdə isə bu prinsiplər əsasında ilkin sülh müqaviləsinin layihəsi hazırlanıb.
Bu ilin mart ayında isə tərəflər sülh müqaviləsinin mətnini tam razılaşdıraraq yekunlaşdırıblar və artıq sənəd paraflanma mərhələsinə çatıb. Başqa sözlə, aparılmış danışıqlar və əldə olunmuş razılaşmalar nəticəsində sülh müqaviləsinin imzalanma üçün tam şəkildə hazır olduğu təsdiqlənmişdir.
Sülh müqaviləsinin paraflanması nə deməkdir? - İZAH
Başqa bir mühüm məqam ondan ibarətdir ki, ABŞ qlobal miqyasda çoxsaylı vacib məsələlərlə məşğuldur. Bu, ABŞ-nin dünya siyasətində oynadığı rol ilə bağlıdır. Əgər bu gün ABŞ regionumuzdakı sülh gündəminə diqqət yetirirsə, bu ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə apardığı prinsipial siyasətin nəticəsidir. Məhz həmin siyasət nəticəsində ABŞ-nin diqqətini sülh gündəminə cəlb etmək mümkün olub".
Milli Məclisin deputatı Tahir Rzayev Azərbaycan-ABŞ əlaqələrinin inkişafından danışıb.
Deputat bildirib ki, Azərbaycan ilə ABŞ arasındakı münasibətlər və bu münasibətlərin genişlənməsi Azərbaycanın maraqlarına tam şəkildə uyğundur və ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:
"ABŞ ilə daimi münasibətlərdə olmaq, əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlığa getmək Azərbaycanın beynəlxalq nüfuzu və maraqları baxımından olduqca vacibdir.
ABŞ-də baş tutması gözlənilən üçtərəfli danışıqlar şübhəsiz ki, yüksək səviyyəli olacaq və mən inanıram ki, müəyyən razılaşmalar əldə olunacaq.
Bu görüş hər üç dövlətin milli maraqlarına uyğundur. Siyasi və iqtisadi böhran içində olan Ermənistan üçün bu istiqamətdə irəliləyiş onun gələcəyi üçün əsas ola bilər. Ermənistanın bu görüşü fürsət kimi dəyərləndirib qarşılıqlı əməkdaşlıq yolunu tutması onun xeyrinə olar.
Azərbaycan isə bu gün güclü ordusu, qüdrətli dövləti, cəsarətli prezidenti və sabit maliyyə imkanları ilə regionda möhkəm mövqe tutur. Ermənistanda isə xaotik vəziyyət hökm sürür.
Belə bir görüş gələcəkdə Ermənistanla Azərbaycan arasında razılaşmaların əldə olunması üçün zəmin yaradır. Mən hesab edirəm ki, Ermənistan bu görüşdə sülh sazişinin imzalanmasına ciddi şəkildə cəhd göstərməlidir. Sülh sazişinin imzalanması gələcək əməkdaşlıq, bərpa və quruculuq üçün yeni imkanlar açacaq. Bu məsələ Azərbaycan Prezidentinin son çıxışlarında da xüsusi vurğulanıb.
Lakin həm xarici, həm də daxili qüvvələr Ermənistan rəhbərliyinə azad və müstəqil siyasət aparmağa imkan vermir. Bu da onun bir çox sahələrdə hərəkət edə bilməməsinə səbəb olur. Bununla belə, bu görüşdən sonra konkret addımlar atmaq mümkündür və Ermənistan bu addımları atmalıdır. Əks halda, Ermənistan üçün vəziyyət daha da pis olacaq".
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi istiqaməti üzrə hazırlanıb.
Nərmin Qocamanlı


