Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün ABŞ-yə səfər edib. Bu gün ABŞ-də bir neçə tarixi görüş keçiriləcək.
Politoloq Xəyal Bəşirov mövzu ilə bağlı Operativ Media-ya öz fikirlərini bildirib:
"Verilən proqnozlara əsasən, yaxın vaxtlarda bir sıra mühüm sənədlərin imzalanması gözlənilir. Bu sənədlər arasında Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda, həmçinin ABŞ ilə memorandumun imzalanması da yer alır. Lakin bizim üçün xüsusi əhəmiyyət kəsb edən əsas məsələ, bu prosesin sülhə yönəlmiş mahiyyət daşımasıdır.
Amerika Birləşmiş Ştatları keçmişdə ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi Qarabağ münaqişəsinə yaxından bələd idi və uzun illər bu problemin danışıqlar yolu ilə həlli istiqamətində fəaliyyət göstərmişdi. Hərçənd ki, bu cəhdlər bir çox hallarda uğursuzluqla nəticələnmişdi.
Lakin indiki mərhələdə söhbət tamam fərqli bir platformadan gedir. ABŞ artıq bu prosesdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi yox, tarixi prosesin təşəbbüskarlarından biri kimi çıxış edə bilər. Ermənistan və Azərbaycanın Minsk Qrupunun fəaliyyətinin ləğv edilməsi ilə bağlı rəsmi mövqelərinin bəyan olunması, bu istiqamətdə yazılı müraciətlərin təqdim edilməsi gözlənilir.
Bununla yanaşı, Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də ABŞ Konqresinin vaxtilə qəbul etdiyi 907 saylı düzəlişin ləğv olunmasıdır. Qeyd edək ki, bu düzəlişlə 1990-cı illərin əvvəllərində ABŞ "Azadlığa Dəstək Aktı" çərçivəsində yardım etdiyi postsovet ölkələri sırasında Azərbaycana istisna tətbiq etmişdi. Səbəb kimi Azərbaycanın guya Ermənistan və Qarabağı blokadaya alması göstərilmişdi. Halbuki, reallıqda Azərbaycan özü işğala, soyqırımı və vəhşiliklərə məruz qalmışdı. Bu baxımdan 907 saylı düzəliş Azərbaycana qarşı ədalətsiz və qərəzli yanaşmanın bariz nümunəsi kimi yadda qalıb. Hazırda bu bədnam düzəlişin ləğvi məsələsi müzakirə olunur.
Eyni zamanda, sülh sazişinin paraflanması, yəni mətni dəyişilməz şəkildə təsdiqlənmiş sənədin imzalanmaya qədərki razılaşdırılması prosesi də gündəmdədir. Bu mərhələ, əslində mart ayında razılaşdırılmış müddəaların rəsmi sənədlərə köçürülməsi deməkdir. Sənədin imzalanması bir qədər sonraya planlaşdırılsa da, paraflanma diplomatik baxımdan son dərəcə önəmli mərhələ sayılır.
Digər mühüm məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Ümumilikdə, bu görüşün tarixi əhəmiyyət daşıdığı vurğulanır.
Bütün bu hadisələr Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu, yeni reallıqlarının qəbul edildiyini göstərir.
Nəticə etibarilə, bu proses ABŞ-Azərbaycan münasibətlərində yeni və uğurlu bir mərhələnin başlanğıcı, həm də Cənubi Qafqazda sülh, sabitlik və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində tarixi dönüş nöqtəsi ola bilər".