Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanması iki ölkə arasında davamlı sülhün əldə olunmasına yol açacaq tarixi hadisədir.
Operativ Media xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik teleqramında bildirilib.
“Biz bu tarixi hadisəni alqışlayırıq və böhranların, münaqişələrin həllinin yeganə vasitəsi kimi dinc dialoqun vacibliyini vurğulayırıq”, – Tacikistan liderinin mətbuat xidmətinin yaydığı mətndə qeyd olunub.
Rəhmon imzalanmış sənədin iki ölkə arasında davamlı sülhün əldə edilməsinə yol açacağını, əldə edilmiş razılaşmaların iki ölkə arasında mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinin inkişafı üçün zəruri zəmin yaradacağına, eyni zamanda Qafqazda sabitlik və təhlükəsizliyin əsaslarının möhkəmləndirilməsinə, konstruktiv regionlararası əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan və Ermənistan arasında münaqişənin həllinə dair bəyannamə avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanıb.