Sağlam həyat tərzi yalnız düzgün qidalanma və idmanla məhdudlaşmır. Orqanizmin ehtiyac duyduğu vitaminlər, minerallar, təmiz hava, müsbət emosiyalar və sosial münasibətlər də bu bütövlüyün ayrılmaz hissəsidir. Xüsusilə vitamin D insan bədəni üçün həyati əhəmiyyət daşıyan elementlərdən biridir. O həm sümüklərin möhkəmliyində, həm də immun sisteminin güclənməsində mühüm rol oynayır.
Təəssüf ki, bir çox insan vitamin D-nin əsas mənbəyinin yalnız qida və qida əlavələri olduğunu düşünür. Halbuki bu vitaminin ən təbii və təsirli mənbəyi günəş işığıdır.
Terapevt Seyfəddin Əsəd mövzu ilə bağlı Operativ Media-ya danışıb.
Onun sözlərinə görə, yay aylarında yetərincə günəşlənmək qışda D vitamini balansını qorumaq üçün çox önəmlidir:
"Vitamin D-ni günəş enerjisindən almaq ən məqsədəuyğun üsuldur. Günəş şüalarının təsiri ilə bədəndə sintez olunan bu vitamin, orqanizmdə depo şəklində yığılır və xüsusilə qış aylarında həmin depo ehtiyacımızı qarşılayır. Təbii ki, vitamin D müəyyən qidalarda da mövcuddur — məsələn, buğda və quyruq yağında. Lakin, heç bir qida mənbəyi günəşdən alınan təbii vitamin D-nin yerini tamamilə tuta bilmir".
Həkim bildirib ki, günəş vannasını uzunmüddətli deyil, hissə-hissə qəbul etmək lazımdır.
"D vitamini çatışmazlığı insan sağlamlığına ciddi təsir göstərir. Onun azlığı tərləmə, halsızlıq, əsəb pozuntusu kimi əlamətlərlə özünü göstərə bilər. Uşaqlarda sümüklərin inkişafında problemlərə, böyüklərdə isə sümük əriməsinə (osteoporoz) səbəb ola bilər", - o, qeyd edib.
Şəfa Hüseynli