Osteartrit oynaqlarda baş verən degenerativ və iltihabi proseslərlə xarakterizə olunan, ən çox rast gəlinən oynaq xəstəliklərindən biridir. Xəstəlik əsasən yaşlı insanlarda müşahidə olunur, lakin bəzi risk faktorları gənc yaşlarda da onun inkişafına səbəb ola bilər.
Mövzu ilə bağlı travmatoloq-ortoped Elmar Cəfərov Operativ Media-ya danışıb.
Həkimin sözlərinə görə, osteartritin əsas səbəbləri aşağıdakılardır:
-
Keçirilmiş oynaq travmaları və xəstəlikləri – əvvəlki illərdə baş vermiş qırıq, çıxıq, iltihab və ya infeksiyalar oynaq quruluşuna zərər verərək sonradan degenerasiyaya yol aça bilər.
-
Yaşlanma prosesi – illər keçdikcə qığırdaq toxumasının sıxlığı və elastikliyi azalır, oynaqların amortizasiya qabiliyyəti zəifləyir.
-
Artrozların inkişafı – oynaqlarda qığırdaq səthinin aşınması nəticəsində baş verən degenerativ dəyişikliklər osteartrit riskini artırır.
Profilaktika və qarşısının alınması
Osteartritin qarşısını almaqda profilaktika böyük əhəmiyyət daşıyır. Aşağıdakı tədbirlər riskin azalmasına kömək edə bilər:
-
Xondraprotektorların qəbulu – yaşla əlaqədar olaraq qığırdaq toxumasının zəifləməsinin qarşısını almaq üçün həkim məsləhəti ilə xondraprotektor tərkibli preparatlardan istifadə etmək.
-
Çəkiyə nəzarət – artıq bədən çəkisi oynaqlara əlavə yük salır, bu da qığırdaq aşınmasını sürətləndirir. Sağlam çəkinin qorunması oynaqların uzunömürlü olmasına yardım edir.
-
Qida əlavələri və düzgün qidalanma – omeqa-3 yağ turşuları, kollagen, vitamin D, kalsium və maqnezium kimi maddələr qığırdaq və sümük sağlamlığı üçün mühümdür.
-
Fiziki aktivlik – müntəzəm yüngül idman (üzgüçülük, gəzinti, velosiped sürmə) oynaqları hərəkətdə saxlayır və qan dövranını yaxşılaşdırır.
-
Travmalardan qorunmaq – idman zamanı və gündəlik həyatda oynaq zədələnmələrinin qarşısını almaq üçün ehtiyatlı davranmaq.
Digər xəstəliklərdən qorunma
Osteartrit bəzi xəstəliklərin ağırlaşması nəticəsində də inkişaf edə bilər. Məsələn, revmatoid artrit oynaq infeksiyaları və bəzi metabolik pozuntular qığırdaq toxumasına ciddi ziyan vurur.
Şəfa Hüseynli