Azərbaycan Prezidenti İlham Əliyev Avazaya ikinci səfəri zamanı Türkmənistan Prezidenti Qurbanqulu Məlikquliyeviçə dəvət və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Operativ Media xəbər verir ki, ölkə başçısı bunu Türkmənistan və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Avaza və digər şəhərlərin inkişafı ölkənin etibarlı əllərdə olduğunu göstərir. Bu gün imzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var ki, bu, Azərbaycan və Türkmən xalqları arasındakı qardaşlığın rəmzidir.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Türkmənistan gələcəkdə çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq və qardaşlıq şəraitində həll edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirəcək. Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi təklifi artıq qəbul olunub və memarlıq təsviri hazırdır, yaxın gələcəkdə təməli qoyulacaq.
Dövlət başçısı həmçinin Xankəndidə Özbəkistan Prezidenti Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabriki və Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin fəaliyyətindən danışıb, qardaş Özbəkistan xalqına və onun liderinə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, üçtərəfli əməkdaşlıq formatı yaradılacaq və növbəti görüşdə konkret istiqamətlər üzrə təkliflər təqdim ediləcək. Əməkdaşlıq sahələrinə nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz və mədəni əlaqələr daxildir.
Dövlət başçısı bu tarixi görüşü bölgədə yeni, perspektivli və sülhə yönəlmiş əməkdaşlıq formatının başlanğıcı adlandırıb.