Bölgələrdə hansı ixtisaslar üzrə həkim çatışmazlığı var?

"Bir sıra regionlarda həkim çatışmazlığı mövcuddur. Xüsusilə cərrahi ixtisaslar, nevroloqlar, travmatoloqlar, reanimatoloqlar və ailə həkimləri üzrə kadr təminatında müəyyən boşluqlar var".
Operativ Media-nın Şəmkirə ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təşkil olunmuş mediaturda TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib.
Onun sözlərinə görə, qeyd olunan istiqamətlərdə kadr hazırlığının gücləndirilməsi, mövcud mütəxəssislərin regionlara cəlbi və onların iş şəraitinin yaxşılaşdırılması kimi tədbirlər həyata keçirilir.
O, bildirib ki, TƏBİB-in "2025-2027-ci illər üzrə Strateji Planı" çərçivəsində regionlarda tibbi xidmətlərin əlçatanlığını artırmaq üçün "Mentor Klinika" layihəsinə start verilib:
"Layihənin məqsədi paytaxt və böyük şəhərlərdəki tibbi potensialı regional xəstəxanalara yönləndirməklə xidmətlərin keyfiyyətini yüksəltmək, eləcə də Bakı şəhərinə olan pasiyent axınını azaltmaqdır. Hazırda göstərilən tibbi xidmətlərin 55 %-i Bakı, Sumqayıt və Abşeron üzrə, 45 %-i isə regionlar üzrə həyata keçirilir. Layihənin pilot mərhələsinin bir il ərzində icra olunması nəzərdə tutulur".