Agentlik rəsmisi: Bu il Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 9 monitorinq aparılıb

"İcbari tibbi sığorta 2021-ci il aprelin 1-dən etibarən ölkənin bütün ərazisində tətbiq olunur. Bu, hazırda uğurla davam edən ən böyük sosial layihələrdən biridir. İcbari tibbi sığortanın səmərəli şəkildə həyata keçirilməsi üçün ilk növbədə xəstəxanalarda müasir infrastrukturun və zəruri tibbi avadanlıqların mövcudluğu vacibdir. Bu gün TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində infrastrukturun yenilənməsi və tibbi təchizatın gücləndirilməsi istiqamətində mühüm işlər görülür".
Operativ Media-nın Şəmkirə ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təşkil olunmuş mediaturda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib:
"Şəmkir Rayon Mərkəzi Xəstəxanasında aparılan genişmiqyaslı yenilənmə bunun bariz nümunəsidir. Xəstəxananın infrastrukturu tam şəkildə modernləşdirilib, yeni tibbi və texniki avadanlıqlar, o cümlədən enerji təminatı sistemi və KT (kompüter tomoqrafiyası) cihazı quraşdırılaraq istifadəyə verilib. Bu yeniliklər tibbi xidmətlərin əlçatanlığını və keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkənin bütün tibb müəssisələrində olduğu kimi, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında da mütəmadi monitorinqlər həyata keçirir. Bu il ərzində agentliyin və departamentin mütəxəssisləri tərəfindən 9 monitorinq aparılıb. Monitorinqlərin nəticələrinə əsasən xəstəxananın fəaliyyətinin müxtəlif istiqamətləri qiymətləndirilib, mövcud çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələr verilib. Məqsəd göstərilən tibbi xidmətlərin keyfiyyətini daim yüksəltməkdir.
Hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasında xidmət göstəricilərində ciddi artım müşahidə olunur. Bu artım, icbari tibbi sığortanın tətbiqi nəticəsində insanların tibbi xidmətlərə daha rahat və operativ çıxış əldə etməsinin göstəricisidir. Məsələn, 2024–2025-ci illərin ilk 6 ayı ərzində xəstəxanada 1 milyon 83 min 258 tibbi xidmət göstərilib. tibbi xidmət göstərilib. Bu rəqəm Şəmkir və ətraf bölgələrin sakinlərinin uzaq məsafələrə getmədən yüksək keyfiyyətli tibbi xidmət ala bilməyə başlamasının nəticəsidir".