Politoloq: "İran hesab edir ki, Azərbaycandan asılı vəziyyətə düşəcək"
Redaksiya
“İranın Azərbaycana qarşı düşmənçilik münasibəti 2-ci Qarabağ müharibəsindən sonra, regionda sərhədlərin dəyişməsindən sonra meydana çıxdı. Lakin bu təkcə indiki məsələ deyil. Azərbaycan torpaqlarının işğal olduğu dövrdə İran bu məsələdə maraqlı idi, ona görə də, işğalçılara dəstək verirdi”.
Bu sözləri “Operativ Media”ya açıqlamasında politoloq Asif Nərimanlı deyib. Onun sözlərinə görə, İran istəyirdi ki, Azərbaycanın diqqəti davamlı olaraq Qarabağda olsun. Çünki bilirdilər ki, Qarabağ məsələsi həll olunandan sonra, Cənubi Azərbaycan məsələsi aktuallaşa bilər, cənubdakı soydaşlarımız Bakıya meyl edə bilərlər:
“Digər tərəfdən, Zəngəzur dəhlizi məsələsində İran hesab edir ki, Cənubi Qafqaza girişdə böyük ölçüdə Azərbaycandan asılı vəziyyətə düşəcək. İşğal dövründə İran Cənubi Qafqazla əlaqələrdə işğaldakı torpaqlarımızdan qeyri-qanuni olaraq istifadə edirdi - həm narkotik dövriyyəsi, həm də çirkli pulların yuyulması üçün. Lakin torpaqlarımız azad edildikdən sonra İran-Azərbaycan sərhədi tamamilə Azərbaycanın nəzarətinə keçdi”.
Politoloq həmçinin qeyd edib ki, müharibədən sonra Türkiyə faktorunun ortaya çıxması İranı narahat edən məqamlardandır. İranın siyasətini izlədikdə belə təsəvvür yaranır ki, mollalar siyasətdən xəbərsizdirlər və siyasi proseslərə qəribə bir məntiqlə yanaşırlar.
Cavidan Mirzəzadə
Teqlər:
"Politoloq: \"İran hesab edir ki Azərbaycandan asılı vəziyyətə düşəcək\""