Menyu

Sosial şəbəkələr insanları daha məlumatlı edir, yoxsa daha aqressiv? - TƏHLİL

Operativ Media
Sosial şəbəkələr insanları daha məlumatlı edir, yoxsa daha aqressiv? - TƏHLİL
8 dəq oxu

İnformasiya texnologiyalarının sürətli inkişafı və sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi insanların informasiya əldə etmək, ünsiyyət qurmaq və dünyada baş verən hadisələrə münasibət bildirmək imkanlarını köklü şəkildə dəyişib. Artıq dünyanın istənilən nöqtəsində baş verən hadisədən saniyələr ərzində xəbər tutmaq, müxtəlif mövqeləri müqayisə etmək, mütəxəssislərin fikirlərini dinləmək və yeni biliklər əldə etmək mümkündür. Bu baxımdan sosial şəbəkələr müasir cəmiyyət üçün mühüm informasiya və kommunikasiya vasitəsinə çevrilib. Lakin informasiya əlçatanlığının artması heç də insanların daha məlumatlı, düşüncəli və dözümlü olması demək deyil. Əksinə, informasiya bolluğu, yanlış məlumatların sürətlə yayılması, virtual mühitdə nəzarətsiz ünsiyyət və emosional məzmunların üstünlük qazanması cəmiyyətdə aqressiya, dözümsüzlük və qarşıdurma meyillərini də gücləndirə bilir.

Sosial şəbəkələrdə fərqli düşüncələrin toqquşması, insanların bir-birini dinləmək əvəzinə mühakimə etməsi, adi fikir ayrılıqlarının təhqir və mübahisələrlə nəticələnməsi artıq diqqət çəkən sosial-psixoloji problemlərdəndir. Digər tərəfdən, alqoritmlərin istifadəçilərin maraqlarına uyğun məzmunları davamlı şəkildə qarşıya çıxarması informasiya dairəsini daralda, insanları müəyyən düşüncə qəliblərinə yönəldə bilər. Beləliklə, sosial şəbəkələrin yaratdığı geniş informasiya imkanları ilə yanaşı, onların fərdi davranışlara və ictimai münasibətlərə təsiri də müzakirə mövzusuna çevrilir.

Bəs sosial platformalar həqiqətən insanları daha məlumatlı edir, yoxsa informasiya bolluğu fonunda aqressivliyi, emosional reaksiyaları və dözümsüzlüyü artırır?

Mövzu ilə bağlə Operativ Media-ya danışan psixoloq Leyla Əli bildirib ki, bir zamanlar insanlar dünyada baş verən hadisələrdən xəbər tutmaq üçün qəzet oxuyur, televizora baxır, məlumat əldə etmək məqsədilə müəyyən mənbələrə müraciət edirdilər. Bu gün isə dünyanın istənilən nöqtəsində baş verən hadisə bir neçə saniyə ərzində telefon ekranında görünür.

O bildirib ki, sosial şəbəkələr insanlara böyük informasiya imkanları yaradır. İnsanlar yeni biliklər öyrənir, fərqli fikirlərlə tanış olur, dünyagörüşlərini genişləndirirlər. Lakin burada düşündürücü bir sual yaranır: Bütün bu məlumatlar insanları daha anlayışlı edir, yoxsa getdikcə daha aqressiv və dözümsüz olmağa gətirib çıxarır?

Psixoloqun fikrincə, məsələ yalnız sosial şəbəkələrdən istifadə etməkdə deyil, onlardan necə istifadə etməyimizdədir.

Ekranın arxasında itən empatiya

Leyla Əli qeyd edib ki, real ünsiyyət zamanı qarşımızdakı insanın üz ifadəsini, səs tonunu və emosional vəziyyətini görürük. Bu isə davranışlarımızı müəyyən qədər tənzimləməyə kömək edir. Sosial şəbəkələrdə isə həmin emosional əlaqə zəifləyir.

Onun sözlərinə görə, insan qarşısındakının necə hiss etdiyini görmədən sərt ifadələr işlədə, təhqir edə və düşünmədən mühakimə yürüdə bilir. Çünki ekranın arxasında olmaq bəzən insanda məsuliyyətdən uzaq olduğu hissini yaradır.

Beləliklə, fikir bildirmək tədricən hücuma, müzakirə mübahisəyə, fərqli düşünmək isə qarşıdurmaya çevrilir.

Niyə aqressiya bu qədər sürətlə yayılır?

Psixoloq vurğulayıb ki, sosial şəbəkələrdə emosional, mübahisəli və qalmaqallı paylaşımlar daha çox diqqət çəkə bilir. İnsanlar bəzən məlumatın doğruluğunu yoxlamadan reaksiya verir, başqalarının fikirlərinə aqressiv cavab yazırlar.

Onun sözlərinə görə, bunun arxasında bir neçə psixoloji amil dayanır:

Emosional yoluxma: Başqalarının qəzəbli reaksiyaları bizdə də oxşar emosiyalar yarada bilər.

Təsdiqlənmə ehtiyacı: İnsanlar çox vaxt öz fikirlərini dəstəkləyən məlumatları qəbul edir, əks fikirlərə isə müdafiə mövqeyindən yanaşırlar. 

Müqayisə və narazılıq: Başqalarının həyatını ideal görmək insanda öz həyatından narazılıq, paxıllıq və gərginlik yarada bilər.

Ani reaksiya: Düşünmək üçün özümüzə vaxt vermədən yazdığımız şərhlər sonradan peşmanlıq doğura bilər.

Məlumatlı olmaq hər şeyi bilmək demək deyil

Leyla Əli bildirib ki, bu gün informasiya çatışmazlığından daha çox, informasiya bolluğu problemi ilə qarşılaşırıq. İnsan yüzlərlə xəbər oxuya, minlərlə paylaşım görə bilər. Lakin bu, onun həmin məlumatları düzgün təhlil etdiyi və sağlam nəticə çıxardığı anlamına gəlmir.

Psixoloji baxımdan məlumatlı insan yalnız çox bilən deyil, həm də eşitdiyi məlumatı sorğulayan, fərqli fikirlərə dözümlü yanaşan və emosiyalarını idarə edə bilən insandır.

Bəs nə etməliyik?

Psixoloqun fikrincə, sosial şəbəkələrdən uzaqlaşmaq mütləq həll yolu deyil. Əsas məsələ rəqəmsal davranış mədəniyyətini formalaşdırmaqdır. Bunun üçün hər gördüyümüz xəbərə dərhal inanmamalı, mənbəni yoxlamalı, şərh yazmazdan əvvəl dayanıb düşünməli, fərqli fikirləri şəxsi hücum kimi qəbul etməməliyik. Eyni zamanda bizi davamlı qəzəbləndirən və gərginləşdirən məzmunu məhdudlaşdırmalı, virtual ünsiyyətlə yanaşı, real münasibətlərə və canlı söhbətlərə də vaxt ayırmalıyıq.

Leyla Əli hesab edir ki, sosial şəbəkələr insanları avtomatik olaraq nə daha ağıllı, nə də daha aqressiv edir. Onlar sadəcə mövcud düşüncə və davranışları gücləndirə bilən bir mühit yaradır.

Onun sözlərinə görə, hər yazdığımız şərhin arxasında bir insan, hər paylaşımın qarşısında isə onu oxuyan başqa bir insan var. Bu gün cəmiyyətin ən çox ehtiyac duyduğu şey bəlkə də daha çox məlumat deyil, daha çox empatiyadır. Çünki məlumat insanı məlumatlandırır, empatiya isə insanlaşdırır.

Sosial məsələlər üzrə ekspert Ramal Əliyev isə hesab edir ki, internet və sosial şəbəkələrin insanlara fayda və ya zərər verməsi onların hansı məqsədlə istifadə olunmasından asılıdır.

Onun sözlərinə görə, son otuz ildə dünya əhalisi kütləvi şəkildə internetdən istifadəyə başlayıb. Son on ildə isə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Əvvəllər Instagram daha çox populyarlıq qazanmışdısa, bu gün TikTok da geniş auditoriyaya malikdir və bir çox hallarda digər sosial platformaları belə geridə qoyur.

Ekspert bildirib ki, internetin və sosial şəbəkələrin insanlara fayda və ya zərər verməsini bir bıçaq nümunəsi ilə izah etmək olar. Bıçaq mətbəxdə faydalı vasitədir, lakin cinayətkarın əlində təhlükəli silaha çevrilir. İnternet və sosial şəbəkələrə də məhz bu prizmadan yanaşmaq lazımdır.

Onun fikrincə, insan internetdən ticarət məqsədilə istifadə edirsə, məhsul satırsa, elmi araşdırmalar aparırsa, öz ixtisası üzrə biliklərini artırırsa, həkim tibbi yenilikləri, mühəndis peşəkar məlumatları araşdırırsa, yaxud alimlərin və mütəxəssislərin mühazirələrini dinləyirsə, şübhəsiz ki, internet onun üçün böyük imkan və fayda mənbəyidir.

Ramal Əliyev diqqətə çatdırıb ki, bu gün cəmiyyətdə internetdən və sosial şəbəkələrdən istifadə mənzərəsinə nəzər saldıqda düşündürücü suallar ortaya çıxır. Görəsən, insanların nə qədəri bu imkanlardan həqiqətən maariflənmək, inkişaf etmək və faydalanmaq məqsədilə istifadə edir?

Xüsusilə TikTok platformasındakı canlı yayımlara diqqət çəkən ekspert qeyd edib ki, özünü fenomen adlandıran, canlı yayımlarda bəzən heç bir ciddi məzmun təqdim etməyən insanların minlərlə izləyicisi olur. Onlara hədiyyələr göndərən, vaxtını və enerjisini bu yayımlara sərf edən auditoriyanın içərisində gənclər, qadınlar, orta yaşlılar, hətta təəssüf ki, yaşlı nəslin nümayəndələri də var. Bu mənzərə cəmiyyətin müəyyən sosial və mənəvi portretini ortaya qoyur.

Ekspertin sözlərinə görə, digər ciddi problem isə sosial şəbəkələrdə aqressiyanın, təhqirin və neqativ məzmunun geniş yayılmasıdır. Canlı yayımlarda və sonradan paylaşılmış videolarda avtoqəzalar, qətllər, heyvanlara qarşı zorakılıq, insanların öldürülməsi və müxtəlif xoşagəlməz hadisələr nümayiş etdirilir. Bir çox canlı yayım iştirakçısının ünsiyyət tərzi isə təhqir, qarşıdurma və aqressiya üzərində qurulur.

O bildirib ki, bütün bunlar cəmiyyətdə sosial gərginliyin və aqressiyanın artmasına zəmin yaradır. İnsan gün ərzində davamlı olaraq neqativ informasiya, təhqir, mübahisə və zorakılıq görüntüləri ilə qarşılaşırsa, bu, onun psixoloji vəziyyətinə və davranışlarına təsirsiz ötüşmür. Belə bir informasiya mühitində formalaşan insanın gündəlik həyata, ailəsinə və ətrafındakılara münasibətində də gərginlik yarana bilər.

Ramal Əliyev qeyd edib ki, bunun dolayı nəticələri daha ciddi problemlərə yol aça bilər. Məsələn, neqativ informasiya ilə yüklənmiş, əsəbi və gərgin vəziyyətdə sükan arxasına əyləşən şəxsin diqqəti və davranışları riskə məruz qala bilər. Bu da yol-nəqliyyat hadisələrinin başvermə ehtimalını artıra bilər.

Ekspert hesab edir ki, bu gün cəmiyyətdə müşahidə olunan dözümsüzlük, kiçik mübahisələrin böyüyərək ciddi qarşıdurmalara, hətta cinayətlərə çevrilməsi də düşündürücüdür. Əlbəttə, bütün bunları yalnız sosial şəbəkələrlə əlaqələndirmək düzgün olmazdı. Lakin sosial platformaların aqressiv davranışları nümayiş etdirməsi, bəzən təşviq etməsi və geniş auditoriyaya yayması problemin dərinləşməsinə təsir göstərən amillərdəndir.

Onun sözlərinə görə, təəssüf ki, bu gün cəmiyyətin diqqəti çox vaxt müsbət və maarifləndirici məzmunlara deyil, daha çox mənfi, qalmaqallı və bayağı paylaşımlara yönəlir. Bunun ən bariz nümunələrindən biri auditoriya marağındakı fərqdir. TikTok və digər sosial şəbəkələrdə canlı yayım açaraq sadəcə yemək yeyən bir şəxsi on minlərlə insan izləyə bilir. Amma bir alim, ədib, şair, həkim və ya intellektual səviyyədə müzakirə aparan mütəxəssis danışanda onun auditoriyası bəzən yüz, iki yüz, üç yüz nəfəri belə keçmir.

Ramal Əliyev vurğulayıb ki, məhz bu müqayisə cəmiyyət olaraq nəyə maraq göstərdiyimizi, kimləri izlədiyimizi və hansı dəyərləri ön plana çıxardığımızı ciddi şəkildə düşünməyə vadar etməlidir.

Ekspertin qənaətinə görə, internet və sosial şəbəkələr böyük informasiya və inkişaf imkanları yaratsa da, onlardan düzgün istifadə edilmədikdə ciddi sosial və mənəvi problemlərin mənbəyinə çevrilə bilər. Bu gün sosial şəbəkələr cəmiyyətə fayda verməklə yanaşı, xüsusilə aqressiv və neqativ məzmunların geniş yayılması səbəbindən sosial aqressiyanın artmasına da ciddi təsir göstərir.

O hesab edir ki, ən böyük problem insanların bu platformalarda faydalı, maarifləndirici və intellektual məzmunlara deyil, daha çox mənfi və bayağı paylaşımlara meyl etməsidir.

Texnoloq Elvin Həsənov isə məsələyə texnologiya və sosial platformaların iş prinsipi baxımından yanaşaraq bildirib ki, sosial şəbəkələr insanları əvvəlkindən daha məlumatlı etməklə yanaşı, onları daha tez qıcıqlanan və daha sərt reaksiya verən vəziyyətə də gətirib çıxarıb.

Onun sözlərinə görə, insanlar gün ərzində çox böyük informasiya axınının içərisindədirlər. Bu axında isə sakit və izahlı məzmundan daha çox emosional və mübahisəli paylaşımlar diqqət çəkir. Burada alqoritmlərin də rolu böyükdür.

Elvin Həsənov qeyd edib ki, istifadəçi hansı mövzuda dayanırsa, nəyi sonuna qədər izləyirsə və nəyə reaksiya verirsə, sistem bunu yadda saxlayır və qarşısına oxşar məzmunları daha çox çıxarır. Bir müddətdən sonra insan fərqinə varmadan eyni tip fikirlərin içərisində qala bilir. Bu da onda elə bir təsəvvür yaradır ki, guya hamı eyni cür düşünür və fərqli fikir gördükdə daha sərt reaksiya verir.

Texnoloqun fikrincə, digər problem sosial şəbəkələrdə insanların üz-üzə danışmaması səbəbindən ünsiyyət tonunun dəyişməsidir. Real həyatda deməyəcəyimiz sözü şərhdə daha rahat yaza bilirik. Anonimlik və məsafə hissi də aqressiyanı artırır. Üstəlik, yanlış məlumatlar və manipulyativ başlıqlar insanların emosiyalarını daha da yüksəldir.

Bununla belə, Elvin Həsənov sosial şəbəkələri yalnız mənfi tərəfdən təqdim etməyin düzgün olmadığını düşünür. Onun sözlərinə görə, düzgün istifadə edildikdə bu platformalar çox güclü məlumat mənbəyidir. İnsanlar xəbərləri daha tez öyrənir, fərqli ekspertləri izləyir, yeni biliklər əldə edir və dünyada baş verən hadisələrə daha yaxın olurlar.

Texnoloq vurğulayıb ki, burada əsas fərq istifadəçinin davranışındadır. İnsan yalnız başlığa baxıb reaksiya verirsə, hər gördüyünü paylaşırsa və daim mübahisəli məzmun izləyirsə, sosial şəbəkələr onu daha gərgin edə bilər. Lakin mənbəni yoxlayır, fərqli fikirləri oxuyur və öz informasiya axınını şüurlu şəkildə idarə edirsə, əksinə, daha məlumatlı ola bilər.

Qeyd: Material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqaməti üzrə hazırlanıb.

Əlaqəli Xəbərlər