ABŞ Kanadadan bəzi malların idxalını qadağan edəcək
ABŞ Prezidenti Donald Trampın administrasiyası sentyabrın 29-dan Kanadanın bəzi məhsullarının, o cümlədən müəyyən spirtli içkilər, süd məhsulları və motosikletlərin ölkəyə idxalını qadağan etmək qərarına gəlib.
Operativ Media xəbər verir ki, bu barədə sentyabrın 8-də Ağ Ev tərəfindən yayımlanan sənədlərdə məlumat verilib.
Sənədlərə əsasən, qeyd olunan məhsullar Kanadanın ticarət sahəsində “ayrı-seçkilik xarakterli tədbirləri” səbəbindən sentyabrın 29-dan ABŞ-yə idxal edilə bilməyəcək.
Bundan başqa, ABŞ Kanadanın bəzi məhsullarına tətbiq olunacaq 50 faizlik gömrük rüsumlarının əhatə dairəsini genişləndirib. Yeni tədbirlər sentyabrın 15-dən qüvvəyə minəcək. Siyahıya müəyyən alüminium və polad məmulatları, mebel və kağız məhsulları daxil edilib. Sement və texniki duz isə siyahıdan çıxarılıb.
Donald Tramp sentyabrın 8-də ABŞ-nin dövlət satınalmaları üzrə illik 50 milyard dollarlıq planından Kanada məhsullarının çıxarılmasını da aidiyyəti qurumlara tapşırıb.
ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir avqust ayında Ottavanın Vaşinqtonun sərfəli hesab etdiyi ikitərəfli ticarət razılaşmasından imtina etdiyini bildirib.
Bunun ardınca avqustun 22-dən Kanadanın müəyyən kateqoriyadan olan məhsullarına ABŞ tərəfindən 50 faizlik idxal rüsumları tətbiq edilməyə başlayıb.
Kanadanın Baş naziri Mark Karni ABŞ ilə ticarət danışıqlarının dayandırılması barədə qərar qəbul etdiyini açıqlayıb və Ottavanın ABŞ məhsullarına cavab rüsumları tətbiq edəcəyini bildirib. O, iki ölkə arasında “ticarət müharibəsi”nin başladığını və bunun Vaşinqton tərəfindən başladıldığını qeyd edib.
Daha sonra Donald Tramp ABŞ-nin 2027-ci il yanvarın 1-dən Kanada avtomobilləri, avtomobil hissələri və poladına 50 faizlik rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
Sentyabrın 8-dən isə Ottavanın ABŞ məhsullarına tətbiq etdiyi cavab rüsumları qüvvəyə minib.
dəqiqələr içində saytın olsun.