Menyu

Ceyhun Bayramov: Azərbaycan bərpa olunan enerji gücünü artırır

Operativ Media
Ceyhun Bayramov: Azərbaycan bərpa olunan enerji gücünü artırır

Azərbaycan iqlim gündəliyində və digər sahələrdə tərəqqinin təmin edilməsində fəal rolunu davam etdirməyə hazırdır.

Operativ Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən IV İqlim Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan beynəlxalq səviyyədə həyata keçirdiyi iqlim təşəbbüslərini ölkə daxilində atılan qətiyyətli addımlarla tamamlayır.

Onun sözlərinə görə, ölkə Qlobal Qiymətləndirmənin nəticələrinə uyğunlaşdırılmış üçüncü Milli Müəyyənləşdirilmiş Töhfəsini təqdim edib.

Ceyhun Bayramov qeyd edib ki, iri günəş və külək layihələrinin istifadəyə verilməsi, hidroenerji imkanlarının genişləndirilməsi və beynəlxalq tərəfdaşlarla təmiz enerji layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycanın bərpa olunan enerji gücü artır.

Nazir bildirib ki, 2030-cu ilə qədər artıq imzalanmış sazişlər əlavə olaraq təxminən 6 giqavat günəş və külək enerjisi gücünün yaradılmasını nəzərdə tutur.

“Bu planlarla Azərbaycan ilk Qlobal Qiymətləndirmənin 2030-cu ilə qədər qlobal bərpa olunan enerji gücünün üç dəfə artırılması çağırışından daha yüksək nəticə əldə etməyə hazırdır”, – deyə Ceyhun Bayramov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan ənənəvi enerji istehsalçısı olan ölkələrin yaşıl və dayanıqlı gələcəyin öncüllərinə çevrilə biləcəyini nümayiş etdirmək əzmindədir.

Nazir əlavə edib ki, ölkənin bu istiqamətdə həyata keçirdiyi siyasət Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışına əsaslanır.

Ceyhun Bayramov Azərbaycanın beynəlxalq səviyyədə də iqlim diplomatiyasının və əlaqəli sahələrin inkişafında fəal rol oynamağa davam etdiyini bildirib.

O qeyd edib ki, COP29-da birgə sədrliyin başa çatmasından sonra da bu istiqamətdə fəaliyyət davam etdirilib. May ayında Bakı şəhəri 13-cü Dünya Şəhər Forumuna ev sahibliyi edib. Forum çərçivəsində iqlimə davamlı şəhərlər, dayanıqlı şəhər inkişafı və mənzil məsələləri üzrə qlobal müzakirələr aparılıb.

Nazirin sözlərinə görə, iyun ayında Bakının BMT-nin Ətraf Mühit Günü tədbirinə ev sahibliyi etməsi də Azərbaycanın qlobal ekoloji fəaliyyət sahəsində rolunu daha da gücləndirib.

Ceyhun Bayramov həmçinin Türkiyə, Braziliya və Avstraliyadakı həmkarları ilə birlikdə “Belém Mission 1.5 Troika” formatında hesabatın hazırlanması və təqdim edilməsi istiqamətində iş aparıldığını bildirib.

O, qeyri-formal diplomatiyanın da iqlim məsələlərində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, 2024-cü ildən etibarən keçirilən Şamaxı görüşləri vasitəsilə müxtəlif ölkələrin baş danışıqları bir araya gətirilir, etimadın qurulmasına, fikir ayrılıqlarının aradan qaldırılmasına və mürəkkəb iqlim məsələləri üzrə konsensusun formalaşdırılmasına çalışılır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər