Ceyhun Bayramov: Delimitasiya işlərinin şimaldan cənuba doğru aparılması barədə razılıq var
Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə işlərin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq şimaldan cənuba doğru aparılması barədə razılığa gəlib.
Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, delimitasiya prosesində iki ölkənin müvafiq komissiyaları arasında mütəmadi görüşlər keçirilir və danışıqlar davam etdirilir.
“Delimitasiya üzrə Dövlət Komissiyasının tərkibi dəyişməzdir. Komissiyaya Baş nazirin müavini cənab Şahin Mustafayev rəhbərlik edir. Mütəmadi olaraq komissiyaların görüşləri keçirilir və müzakirələr aparılır. Ermənistanda da müvafiq komissiyaya Baş nazirin müavini rəhbərlik edir”, - Ceyhun Bayramov qeyd edib.
XİN rəhbəri vurğulayıb ki, ötən dövr ərzində Azərbaycan və Ermənistan komissiyaları arasında çoxsaylı görüşlər keçirilib, onların fəaliyyətini tənzimləyən bir sıra sənədlər həm Azərbaycanda, həm də Ermənistanda qəbul və təsdiq olunub.
Nazir bildirib ki, ümumi sərhədin delimitasiyasının hansı istiqamətdən başlanacağı ilə bağlı artıq razılıq mövcuddur.
“İşlərin daha çətin olan şimal sərhədindən, Azərbaycan, Ermənistan və Gürcüstanın kəsişmə nöqtəsindən başlayaraq şimaldan cənuba doğru aparılması və irəliləməsi istiqamətində razılıq və qarşılıqlı anlaşma var”, - deyə Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, delimitasiya prosesi çərçivəsində daha spesifik məsələlər işlərin gedişində müzakirə olunacaq və onların həlli gözlənilir.
“Daha spesifik detallara gəldikdə, təbii ki, bütün məsələlər vaxtı və zamanı gəldikcə müzakirə olunacaq və onların da həll olunması gözlənilir. Bu və ya digər yaşayış məntəqələri ilə bağlı məsələlər delimitasiya komissiyasının işi çərçivəsində müzakirə ediləcək”, - nazir əlavə edib.
dəqiqələr içində saytın olsun.