Paşinyan Türkiyə ilə son münasibətlərdən danışıb
Bu gün Ermənistan Milli Assambleyanın növbədənkənar sessiyası çağırılıb, gündəliyə “Ermənistan Respublikası hökumətinin 2022-ci ildə beşillik (2021-2026) planının icrasının gedişi və nəticələri haqqında” məruzə daxil edilib.
"Operativ Media" xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Türkiyə münasibətlərindən də söz açıb:
“Ermənistan-Türkiyə münasibətlərinə gəlincə, qeyd etməliyəm ki, bəli, ölkələrimiz arasında normal münasibətlər qurmaq üçün böyük imkan var. Etiraf etməliyəm ki, Türkiyədə baş verən son fəlakətli zəlzələyə bəşəri və qonşuluq dəyərlərinə əsaslanan məntiqlə cavab vermək qərarına gəldikdən sonra bu imkan siyasi, diplomatik və insani dəyərlərə görə artıb. Türkiyə hökuməti və ictimaiyyəti bizim jestimizi düzgün qəbul etdi.
Əgər tarixə və ondan yaranan problemlərə baxışımızı dəyişməsəydik, biz Türkiyəyə xilasetmə qrupu və humanitar yardım göndərmək qərarına gəlməzdik.
Türkiyə bizim səmimiyyətimizə inanmasaydı, Ani körpüsünü açmazdı. Ararat Mirzoyan Türkiyədə olarkən Xarici İşlər Nazirliyinin binası qarşısında Ermənistan bayrağı dalğalanırdı. Əlbəttə, bu sadəcə atribut deyil. Böyük məna kəsb edir.
Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədi həqiqətən də açılacaq və normal qonşuluq münasibətləri üçün zəmin yaranacaq. Yaxın aylarda üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılmasına dair razılaşma həyata keçiriləcək” - deyə o əlavə edib.