Valdas Dambrauskas: "Çempionlar Liqasında asan oyun olmur"
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində oktyabrın 20-də Bakı Olimpiya Stadionunda Almaniyanın "Borussiya" klubunu qəbul edəcək "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan öncə mətbuat konfransı keçirib.
Operativ Media xəbər verir ki, litvalı mütəxəssis ilk olaraq rəqibin son iki oyunda qol vura bilməməsinin onlara əlavə motivasiya verib-verməyəcəyi ilə bağlı sualı cavablandırarkən rəqibin gücünü vurğulayıb:
"Bu, bizim üçün yaxşı xəbər deyil. Düz vurğuladız ki, sabahkı oyuna daha çox fokuslanacaqlar və qol vurmaq üçün əllərindən gələni edəcəklər. Amma mən öz komandama inanıram. "Borussiya" Almaniyanın, dünyanın ən böyük klubrından biridir. Onların çox yaxşı baş məşqçiləri var. Olduqca çətin oyun olacağını gözləyirik. Çempionlar Liqasında hər oyun bizə təcrübə, dərs verir. Sabah da çox şey öyrənəcəyik. "Borussiya" eyni zamanda çox yüksək səviyyədə pressinq edən komandadır. Qarşımızda çox böyük çətinliklər dayanır. Çempionlar Liqasında asan oyun olmur. Sabahkı matçı səbirsizliklə gözləyirəm."
Təcrübəli baş məşqçi komandanın gənc futbolçusu Xəyal Əliyevin matça hazır olub-olmaması ilə bağlı suala belə münasibət bildirib:
"İnanıram ki, hazırdır. Bizim 20-dən çox oyunçumuz var. Hamısı oynamağa hazırdır. Bugünkü məşqdən sonra heyətlə bağlı qərar verəcəyik."
Dambrauskas dolu tribuna faktoru və komandasının qələbə şansları barədə isə aşağıdakı fikirləri səsləndirib:
"Əlbəttə ki, dolu tribunaların qarşısında oynamaq bizim üçün xoşdur. Azarkeşlər əllərindən gələni edirlər, bizə enerjilərini ötürürlər. Qələbə ehtimalı haqda danışmaq istəmirəm. Daha çox mənə komandamın performansı maraqlıdır. Kiçik detallar vacibdir. Əsas odur ki, diqqətli olaq."