Asiya Kuboku 2032-ci ildən etibarən yeni formatda keçiriləcək
Asiya Futbol Konfederasiyası (AFC) Asiya Kubokunun keçirilmə formatını dəyişib. Yeni qərara əsasən, turnir bundan sonra cüt illərdə təşkil olunacaq.
Operativ Media xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
2027-ci il Asiya Kuboku hazırkı təqvim üzrə sonuncu yarış olacaq. Növbəti turnirin 2032-ci ildə keçirilməsi planlaşdırılır. Yarışın ev sahibi hələ müəyyənləşməyib.
Dəyişikliyin səbəblərindən biri AFC rəhbərliyinə seçkilərin turnirin təqvimi ilə uyğunlaşdırılmasıdır. Yeni sistemə əsasən, konfederasiyanın seçki dövrü Asiya Kubokunun keçirilmə dövrü ilə əlaqələndiriləcək.
AFC prezidentinə növbəti seçkilər 2027-ci ildə keçiriləcək. Seçilən şəxslər 2028-ci il yanvarın 1-dən vəzifələrinin icrasına başlayacaq və 2032-ci ilə qədər fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, 2027-ci il Asiya Kuboku yanvarın 7-dən fevralın 5-dək Səudiyyə Ərəbistanında təşkil olunacaq. Turnirdə 24 milli komanda iştirak edəcək.