http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

"Dünyada əziz nə var, məktəb yolları kimi" - Zahid Xəlil ilə MÜSAHİBƏ

16 Sentyabr 2024 , 10:00
"Dünyada əziz nə var, məktəb yolları kimi" - Zahid Xəlil ilə MÜSAHİBƏ

“Operativ Media” yazıçı, filologiya elmləri doktoru, professor Zahid Xəlil ilə müsahibəni təqdim edir.

- Həqiqətənmi dünyada məktəb yollarından əziz heç nə yoxdur?

- Bəli, həqiqətən elə düşünürəm. Məsələn mənim üçün bu belə idi. 

Dünyada əziz nə var,
Məktəb yolları kimi. 
Açılır qarşımızda
Ana qolları kimi.


Cığırlar boyunbağı,
Cığırlar sapa bənzər.
Uşaqlar muncuq kimi
Bu saplara düzülər.

Uzun illər bu şeir dərsliklərə çap olundu. Sonra dedilər ki, bu şeir köhnəlib. Əsl ədəbiyyat heç vaxt köhnəlmir. Sən necə deyə bilərsən, Füzuli köhnəlib, Nizami köhnəlib? Köhnəlmək o olar ki, o şeir bu günün tələblərinə cavab verməsin.

Məktəb bizim sabahımız olan uşaqları yetişdirir. Məktəb necədirsə, gələcəyimiz də elə olacaq.

- Zahid müəllim, şeir yazmağa necə başlamısınız?

- Orta məktəbdə 10-cu sinifdə oxuyurdum. Vaqif pyesini oynayırdıq. Mən Qacar rolunda idim. Əlimdə qılıncım var idi. Birdən qılınc əlimdən düşdü. Mən düşündüm ki, gedib qılıncı götürsəm, hər kəs mənə güləcək. Elə etməliydim ki, heç kim qılıncın əlimdən səhvən düşdüyünü başa düşməsin. İki misra şeir özümdən uydurdum. Dedim ki, artıq qılıncım da düşür əlimdən. Niyə yaşayıram niyə sağam mən.

Getdim, qılıncı götürdüm. O an mən ilk dəfə hiss etdim ki, mən artıq şeir yaza bilirəm.

- O zamana qədər heç şeir yazmamışdınız?

- Orta məktəbdə yazmışdım. Amma onlara şeir demək olmazdı. Çox yazmışdım çap olunması üçün pioner qəzetinə göndərirdim. Həmişə də cavab yazırdılar ki, bədii cəhətdən zəifdir. 10-cu sinifdə oxuyarkən "Vətənim" şeirini yazdım və rayon qəzetində çap etdilər. Bu mənim çap olunan ilk şeirim idi. Zəif şeir idi. Mən ciddi ədəbiyyatda ilk şeirimi 1-ci kursda oxuyarkən yazmışam:
 

Bizim baxçamıza bir çəmən düşüb.

Sürüşüb baharın çiynindən düşüb.

Gündüzlər nə qədər quzu var orda

Xırphaxırp otlayır quzular orda

Səhər otlar üstə şehdən inci var

Şehlər quzuların gözütək parlar

Düzü başdan-başa tərifdir çəmən.

Quzu tükü kimi zərifdir çəmən

Gəlin, siz də görün çəmənzarımı

Amma ürkütməyin quzularımı

Bizim baxçamıza bir çəmən düşüb

Sürüşüb baharın çiynindən düşüb.

Bu artıq ciddi ədəbiyyat idi. 

- Müsahibələrinizin birində demisiniz ki, mən uşaq vaxtı Səməd Vurğun, Rəsul Rza olmaq istəyirdim. Amma olmadım. Siz tək uşaq şeiri yazmamısınız. Dövrümüzün Səməd Vurğunu, Rəsul Rzası niyə də siz olmayasınız?

- Bəzən elə şeirlər yazmışam ki, onların səviyyəsində olmasa da hər halda böyük ədəbiyyatın müəyyən mənada səviyyəsində olub. Amma mən uşaq ədəbiyyatına yönələndən sonra bu sahədə çox uğurlar əldə etdim. Mənim birinci kitabım çapdan çıxdı, növbəti il isə artıq üç kitabım nəşr olundu. Həmin kitabdan "qarışqalar" şeirini 3 dildə çap etdilər. Mən dövrün Səməd Vurğunu, Rəsul Rzası deyiləm. Amma ciddi şeirlərim var. Azərbaycan Dövlət Pedoqoji Universitetində işləyəndə Bəxtiyar Vahabzadə gəlmişdi. Məndən bir şeir oxumağımı istədi. Mən də oxudum. Təxminən 1969-cu il idi. Mənim ilk uşaq şeirlərim çıxanda o şeirləri də yazırdım.

Bakıdan Təbrizə yollar uzanır.

Yollar çox tufana gəribdir sinə

Təbriz göylərində ulduzlar yanır

Sönən oğulların xatirəsinə

Ay ana Təbrizim ağır yolların

Bakıya, Şəkiyə, Şirvana düşmür

Mənə uzatdığın cığır qolların

Heç Arazdan bu yana keçmir

Amma mən üstünlüyü uşaq ədəbiyyatına verdim. Sonralar da mənim taleyim elə gətirdiki mənim uşaq ədəbiyyatım bütün SSRİ-yə yayıldı. Mən o müvəffəqiyəti bir kənara qoyub ciddi ədəbiyyat yazmamalıydım. Digər şeirlər yenə yazıram. Sevgidən məhəbbətdən yeri düşəndə.

- Bundan iki il əvvəl demişdiz ki, mən 80 yaşlı uşağam. İndi necə düşünürsünüz:

- Mən elə 82 yaşında da uşağam. Mən sizinlə uşaqcasına danışıram. Heç vaxt hiss etdirmərəm ki, mən qarşımda oturandan böyüyəm. Biz ikimiz də hazırda cavanıq. Parkda oturub gözəl gələcək haqqında söhbət edirik.

(Bu yerdə mənə bərk-bərk tapşırdı: "Birdən müsahibədə məndən qocaman sənətkar deyə bəhs edərsən. Mən hələ çox gəncəm)

Uşaq yazıçısı məhz elə uşaq olmalıdır. Amma eyni zamanda böyük olmalıdır. Elə şey yazmalısan ki, həm uşaqcasına olmalıdır, həm də arxasında böyükcəsinə tərbiyyə olmalıdır. Uşaq ədəbiyyatı deyəndə bəzilərinə çox asan gəlir. Hazırda çox sayda uşaq kitabı nəşr olunur. Amma bu kitabları uşaqlara vermək olmaz. Uşaqlar birbaşa nəsihətdən həmişə qaçırlar.

- Uşaq vaxtı oxuduğunuz hansı yazıçılar sizdə dərin iz buraxıb?

- Süleyman Sani Axundovun qorxulu nağılları var idi. Oxuyurdum və gecə çox qorxurdum. Əslində bu gün baxanda düşünürəm ki, uşaq ədəbiyyatında o cür yazmaq lazım deyildi. Amma Süleyman Sani Axundov yazmışdı və biz onu sevərək oxuyurduq. 

Uşaqları o cür qorxutmaq olmaz axı. Bu uşaq ədəbiyyatında qəbuledilməzdir. Amma S.S Axundov bunu elə gözəl yazmışdıki biz onu həvəslə oxuyurduq.

- Uşaq şeirləri yazarkən öz keçmişinizdən ilhamlanırsınızmı?

- Vallah keçmişdə ilhamlanası heçnə yoxdur. Amma bəzi müqəddəs şeylər var idi. Mən Yevlaxda 2 nömrəli məktəbdə oxumuşam. O məktəbi söküb indi yenisini tikiblər. Mən düşünürəm ki, indi o məktəb dursaydı, mən gedərdim, öz partamı tapardım. Oturardım və bununla fəxr edərdim. Bunlar mənim üçün müqəddəs xatirələrdir. Məktəb vaxtı yaxşı müəllimlərim olub. Yaxşı mənada məndən küsüblər. Bir müəllimim var idi, küsmüşdü məndən sonra heç barışmadı. Riyaziyyat müəllimim idi. Mən riyaziyyatı çox yaxşı bilirdim. Amma Bakıya gələndə getdim Juranlistika fakültəsinə qəbul oldum. Bir Şövkət müəllim var idi. Çox gözəl riyaziyyatçı idi. O mənə heç vaxt deməmişdi, get, riyaziyyatçı ol. Burada onun da səhvi var idi. Müəllim istedadlı uşaqlarını istiqamətləndirməlidir. Mən riyaziyyatçı olsaydım, inanın ki, öz adaşım Zahid Xəlilov (red: Riyaziyyatçı alim Zahid Xəlilovu nəzərdə tutur) kimi bəlkə də çox böyük riyaziyyatçı olardım. 


- Əslində siz riyaziyyatçı olub eyni zamanda jurnalist kimi də fəaliyyət göstərə bilərdiniz.

Bəli. Bunu mənə o dövrdə başa salan olmamışdı. Mən rayon qəzetində işləyəndə  orada mənimlə birlikdə kənd təsərrüfatını bitirən, maldarlıqla bağlı ixtisasları bitirən uşaqlar da jurnalist kimi işləyirdilər. Onlar kənd təsərrüfatından daha yaxşı yazırdılar, nəinki mən. Çünki mən kənd təsərrüfatını bilmirdim. Sırf jurnalist hər şeyi yaza bilmir. Amma baqşa bir ixtisası olan adam həm də jurnalist olaraq fəaliyyət göstərisə, bu daha yaxşıdır.

 

- Uşaqlar üçün həqiqəti yumşaltmaq vacibdirmi?


- Ehtiyyac var əlbətdə. Mən belə hesab edirəm ki, biz təmiz ləyaqətli uşaqlar yetişdirməliyik. O uşaqlar ki, tez göz açır, tez pul qazanmağın yolunu tapır. Onlar bədbəxt uşaqlardır. Valideyinləri həmin uşaqları bədbəxt edib. Uşaq pul qazanmağın yolunu orta məktəbi bitirdikdən sonra düşünməldir. Çünki pul elə bir şeydir ki, dərhal insanı yolundan çıxarır. Uşaq qoy 10-cu sinifə kimi uşaq olsun. Lap belə uşaqcasına baxsın məsələlərə. Çox şeyi bilməsin.

- "Uçan çıraqlar" sizin ilk kitabınızdır. Bu kitab necə ərsəyə gəldi?

- İkinci - üçüncü kursda oxuyanda mənimlə birlikdə bir qrup yazıçılar var idi ki, artıq bizi mətbuatda tanıyırdılar. Təxminən 17 nəfər idik. Ramiz Rövşən də orada idi, Seyran Səxavət də. Bizim bu 17 nəfərin kitabını nəşr etmək istədilər. Mənim kitabıma da rəhmətlik Tofiq Bayram çox qəşəng bir rəy yazmışdı. 1967-ci il idi. Deməli, bu kitabların 16-sı çıxdı mənimki çıxmadı. Qanı qara düşdüm ikinci mərtəbəyə birdən İlyas Tapdıq çıxdı qabağıma. Dedi, niyə qanın qaradır? Dedim, 17 nəfərdən bir mənim kitabım çap olunmayıb. Dedi ki, Zahid mən sənin "Çəmən" şeirini oxumuşam. Sən çox gözəl uşaq şeiri yazırsan. Dedim, nə uşaq? mən böyüklər üçün yazıram. Dedi, gəl belə edək, sən 3-4 dənə uşaq şeiri yaz, gətir baxaq. Mən də getdim beş dəqiqəyə yazdım gətirdim. Baxdı dedi ki, gözəldir. Sən elə bunu davam etdir. İlyas Tapdıq onda gənclik nəşriyyatında uşaq ədəbiyyatı bölməsinin müdiri idi. İlk şeir kitabım elə çap olundu.

- Nağıllar müsair uşaqlar üçün nə dərəcədə əhəmiyyətlidir?

- Müsair uşaq deyəndə mən elə hesab edirəm ki, uşaq həmişə uşaqdır. Heç zaman onun müsairi olmayacaq. O elə andan doğulacaq, "inqa" deyəcək. Hələ heç nəyi başa düşməyəcək. Və biz uşaq yazıçıları onlara həyatı öyrətməliyik. 

- Axı indiki valideyinlər uşaqları nağıllarla böyütmürlər. 

- Bir dəfə məni Moskvaya dəvət etdilər. Məruzəmi təqdim etdim. Məruzə bitəndən sonra heç kim mənə əl çalmadı. Azərbaycanda uşaq bağçalarının vəziyyətindən danışırdım. Birdən yadıma düşdü ki, Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsərində Məcnun anadan olanda "inqa" deməsini gələcəkdə başına gələcək fəlakətləri əvvəlcədən hiss etməsi ilə əlaqələndirir. Dedim ki, bizim böyük sənətkarımız Məhəmməd Füzuli bunu belə izah edir. Amma mən bunun əleyhinəyəm. "Inqa" uşaqların cəmiyyətə dediyi ilk sözdür və mənası budur ki, "mən xoşbəxt olmaq istəyirəm". Onu xoşbəxt etmək isə bizim, böyüklərin borcudur. Bu fikirlərimə hər kəs əl çaldı.

- Bir uşağın ilk dəfə sizin şeirinizi oxuyub gülümsədiyini ya da suallar verdiyini görmək sizə hansı hissləri yaşadır?

- Bu yaxınlarda internetdə oxudum ki, Ucardan bir uşaq "Kralın Kreslosu" kitabımı oxuyub. Deyib ki, "Bu "Kralın Kreslosu" kitabında elə gözəl hekayələr var ki, mən onun hər gün birini oxuyuram"- Bax o uşağın sözü mənim üçün çox qürurvericidir.

- Sizcə müasir uşaq ədbiyyatında hansı problemlər var?

- Bəlkə soruşaq ki, müasir uşaq ədəbiyyatında hansı problemlər yoxdur? Uşaq ədəbiyyatını yaratmaq üçün birinci növbədə ona şərait yaratmaq lazımdır. Sovet hökumətinin axırıncı illəri idi. Moskvada mənim "Salam Cırtdan" kitabım dünya yarmarkasına çıxmışdı. Mən onda düşünürdüm ki, Azərbaycanda uşaq ədəbiyyatının vəziyyəti necədir? Görürdüm ki, çox yaxşıdır. İlyas Tapdıq var idi. Məstan Əliyev var idi. Çox gözəl yazıçılar idi həmin şəxslər. Amma indi o səviyyədə deyil. İndi yox səviyyəsindədir. Bunun səbəbləri birinci odur ki, uşaq ədəbiyyatı ilə yazıçı dolana bilmir. Hazırda ədəbiyyat ilə dolanmaq mümkün deyil axı. Mən inanmıram ki, məndən sonra, mənim yaşdaşım olan yazıçılardan  sonra ədəbiyyata gələn olsun. Gələn olur, amma böyük əksəriyyəti maddi imkanı yaxşı olan qadınlardır. Onlar istəyirlər ki, həm də yazıçı kimi tanınsınlar.

 



- Dəmir Yumruq Dastanı kitabını 30 il ərzində yazmısınız. Bu kitabın digərlərindən fərqi nədədir?

- Dəmir yumruq dastanını mən 1992-ci ildə yazmağa başlamışam. 1992-ci ildə Almaniya nəşriyyatlarının birindən bir məktub aldım. Yazmışdıar ki, indi sovet hökuməti dağılb, uşaqlar azadlığa çıxıb indi onların vəziyyəti necədir. Məndən xahiş etdirlər ki, bu barədə onlara bir hekayə göndərim. Təkcə mənə yox SSRİ-nin tərkibindən çıxan bütün respublikalra müraciər etmişdirlər. Mən fikirləşdim ki, ermənilərin əzazilliyi haqqında  bundan yaxşı fürsət olmaz. Bu zaman qəzetlərdə bir xəbər çıxmışdı. Cıdır düzündə qida daşıyan vertalyotu uşaqların gözünün qabağında vurub ermənilər. Düşündüm ki, bundan yaxşı mözvu ola bilməz. Götürdüm onu yazdım hekayə kimi göndərdim. Çox yaxşı da qonarar verdilər. Hətta mənə yazıdlar ki, biz bunu başqa ölkələrdə də çap etdirmək istəyirik. Sonra Xoxalı faciəsi baş verdi. Ona povest yazdım. Sonra 44 günlük müharibə məni birdən - birə dirçəltdi. Mən birdən-birə anladım ki, mən elə illər öncə bunu yazmağa başlamışammış.

- Yazıçılıqdan uzaqlaşmısınızmı heç?

- Mən uzun müddət AzTV-də veriliş aparmışam. Sizin yadınıza gəlməz. Sonra günlərin bir günündə təzə sədr gəldi. Bu təzə sədr məni yaxşı tanıyırdı. Nəsə alınmadı əməkdaşlığımız. Ondan sonra mən biraz ruhdan düşdüm və yazmadım. Nə jurnalistika ilə məşğul oldum, nə də yazıçılıqla. Getdim müəllimlik etdim. İlk nəticəm doğulandan sonra mən başladım ona şeirlər yazmağa. Eyni zamanda yenidən yazıçılığa gəldim. Hətta belə bir əhvalat baş vermişdi. Bir gün bir yoldaşla yol ilə gedirdik. Birdən AzTV-dən mənə zəng gəldi: "Zahid müəllim Abdulla Şaiqə həsr olunmuş veriliş var. Sizi dəvət edirik" - dedim, yaxşı gələrəm. Yanımdakına dedim ki, 15 dəqiqədən sonra zəng edib deyəcəklər ki, səhv etmişik. Həqiqətən də elə oldu.

- Sizin üçün yaradıcılıqda uğur nə deməkdir?

- Bir 15-20 gün olardıki heçnə yazmırdım. Almaniyadakı nəticəm gəlmişdi, bizə qonşu otaqda birdən qışqırdı, "inqa" deyə ağladı. Bu məndə elə xoş təəssürat yaratdı ki, mən dərhal oturdum uşaq gülüşü şeirini yazdım. Bax mənim üçün uğur odur. Uğur bir də odur ki, misal üçün mən taleyimdən o mənada çox razıyam. Yaxşı insanlara mən çox rast gəlmişəm. Mən taleyimdən razı adamam.


- Uşaqlara şeir oxumağı sevdirmək üçün valideynlərə və müəllimlərə hansı məsləhətləri verərdiniz?

- Çox təəssüf ki, müsair təlimdə şeirə yer yoxdur. Amma bu çox böyük səhvdir. Biz bu müsair təlimi avropdan götümüşük. Amma bir Şərqliyik. Şərq şeir ilə tərbiyələnir. Mən Nizaminin "Xosrov və Şirin" poemasını 4 ilə əzbərləmişəm və bununla fəxr edirəm. Haradasa onun mənə çox böyük xeyiri olub. Şeir yaddaşı möhkəmləndirir. Bu yaşımda mən öz şeirimi yenidən əzbərləyirəm. 60 yaşıma qədər qələmimdən nə çıxırsa hamısını əzbər bilirdim. 60-dan sonra yavaş - yavaş silinməyə başladı. Pandemiya tamam sildi. Nizamini beynimdən silə bilmədi, amma öz şeirlərimi sildi. Ona görə yenidən əzbərləyirəm. Çünki əzbərləmək yaddaşı möhkəmləmdirir. Elə bilirəm ki, 82 yaşımdan sonra hələ mənim gəncliyim başlayacaq.


- Hazırda nə yazırsınız?

- Hekayələr yazıram. Özü də mən sizə deyim ki, biri bir qızıla bərabər hekayələrdir. Bir məsələ varki, mən bunları üzə çıxartmıram. Qəzetlərə, jurnallara vermirəm. İstəyirəm bu hekayələri bir yerdə çap etdiririm bomba kimi partlasın. 

Nərmin Qocamanlı

OXŞAR XƏBƏRLƏR
Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

Birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib

Birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi yenidən aktivləşdirilib

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu