http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2022-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

31 Yanvar 2023 , 12:14
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2022-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) 2022-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən il ərzində görülən işlər və nəzərdə tutulan tədbirlər barədə KİV nümayəndələrini məlumatlandırıb. "Operativ Media" xəbər verir ki, Dövlət Xidmətinin fəaliyyət nəticələri barədə məlumat verən Xidmət rəisi bildirib ki, 2022-ci ildə antiinhisar və haqsız rəqabət halları üzrə ümumilikdə 60 iş qaldırılıb, 48 işə baxılması başa çatdırılıb. Nəticədə, təqribən 6,5 milyon manata yaxın maliyyə sanksiyası tətbiq edilib. 2021-ci illə müqayisədə ötən il qaldırılan işlərin sayı 3 dəfə, baxılması başa çatmış işlərin sayı isə 2,2 dəfə artıb. Antiinhisar halları üzrə qaldırılan işlərin əksəriyyəti mobil telefon və qida məhsulları, haqsız rəqabət halları üzrə isə mühərrik yağlarının idxalı və ticarəti ilə məşğul olan sahibkarlıq subyektləri barədə olub. Qeyd olunub ki, antiinflyasiya tədbirləri çərçivəsində Dövlət Xidməti tərəfindən qarabaşaq, makaron, uzun düyü, mərci, zeytun yağı, marqarin, duz və çörək məhsullarının qiymətində artımlarla bağlı araşdırmalar aparılıb. Duz və qarabaşaq bazarı üzrə baxılması başa çatmış işlər nəticəsində 2 milyon manatadək mənfəətin dövlət büdcəsinə ödənilməsi barədə göstəriş verilib.

Təbii inhisarlara nəzarət sahəsində həyata keçirilən tədbirlər barədə danışan Xidmət rəisi bildirib ki, 2022-ci ildə bu subyektlərin xidmətlərindən istifadə edən istehlakçı və sahibkarların müraciətləri təhlil olunub. Təbii inhisar subyektlərinin fəaliyyəti araşdırılıb,  “Aztelekom” MMC-yə telekommunikasiya sahəsində rəqabət mühitinin yaxşılaşdırılması üzrə müvafiq daxili qaydaların 3 ay ərzində hazırlanması və tətbiqinə dair, “Azərbaycan Dəmir Yolları” QSC-yə isə dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması hallarının aradan qaldırılmasına dair göstəriş verilib. Görülmüş tədbirlər nəticəsində elektrik enerjisinin istehlakı ilə bağlı illər əvvəl yaranmış, müddəti 3 ili keçmiş borclar qanunvericiliyin tələbinə əsasən “Azərişıq” ASC tərəfindən silinib.

Dövlət satınalmalarına nəzarətin həyata keçirilməsi ilə bağlı bildirilib ki, “Dövlət satınalmaları haqqında" yeni Qanun layihəsi hazırlanıb və aidiyyəti üzrə təqdim olunub. Qeyd edilib ki, 2022-ci ildə ümumi satınalmaların məbləği 6,8 milyard manata yaxın olub, bunun da 95%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb. Ötən illə müqayisədə məbləğ üzrə müsabiqə əsaslı satınalmaların həcmi 70% artıb. 2022-ci ildə kotirovka sorğusu metodu ilə keçirilən satınalmalar tamamilə elektronlaşdırılıb. 2022-ci ildə elektron satınalmaların ümumi satınalmalarda payı say üzrə 59,1%, məbləğ üzrə 18,8% təşkil edib.

Ötən il ərzində “etender.gov.az” portalının işi təkmilləşdirilib, dövlət qurumları ilə inteqrasiyaların həyata keçirilməsi üzrə tədbirlərə başlanılıb və ilkin olaraq Mərkəzi Bankın elektron qarantiyalar reyestri ilə inteqrasiya yekunlaşıb. Növbəti mərhələdə Dövlət Vergi Xidməti ilə vergi arayışlarının inteqrasiyası, sonra isə Dövlət Statistika Komitəsinin sahibkarlıq subyektləri reyestri ilə inteqrasiya nəzərdə tutulur. İl ərzində satınalmalar sahəsində Dövlət Xidmətinə daxil olan 10595 yekun protokoldan 1409-da qanunvericiliyin tələblərinin pozulması hallarının aşkarlandığı, bu istiqamətdə müvafiq tədbirlərin görüldüyü qeyd olunub.

M.Abbasbəyli bildirib ki, AİBNDX-nin göstərdiyi dövlət xidmətlərinin vahid mərkəzdən aparılması, əlçatanlığı və keyfiyyətinin artırılması, ünvanlılığın və şəffaflığın təmin edilməsi məqsədilə vahid və mərkəzləşdirilmiş Elektron Rəqabət Portalının yaradılması və digər dövlət qurumlarında tətbiq olunan informasiya sistemləri ilə inteqrasiya edilməsi nəzərdə tutulur.

Standarlaşdırma sahəsində görülən işlərdən danışan Xidmət rəisi vurğulayıb ki, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının icrası milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, Azərbaycanda texniki tənzimləmə sisteminin yaradılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbul edilməsində mühüm rol oynayacaq.

Xidmət rəisi keyfiyyətə nəzarət sahəsində həyata keçirilən tədbirlər barədə də məlumat verib. Bildirilib ki, 2022-ci ildə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND)  tərəfindən  68 yeni dövlət standartı qəbul edilib. Türk Standartları İnstitutu (TSE) ilə əməkdaşlıq çərçivəsində AZSTAND ölkə ərazisində Türkiyənin 9000-dən çox milli standartının rəsmi nəşrlərini yaymaq hüququ əldə edib. AZSTAND-ın nəzdində fəaliyyət göstərən laboratoriyalarda 2022-ci il ərzində 2700-dən artıq məhsul üzrə 12000-dən çox sınaq aparıldığı vurğulanıb.

Keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlara diqqət çəkən Xidmət rəisi Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) tərəfindən Azərbaycan Metrologiya İnstitutunda 20 laboratoriyanın yaradılması istiqamətində işlərə başlanıldığını qeyd edib. Bildirilib ki, 2022-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 111 qurum akkreditə edilib, 17 qurumun akkreditasiya sahəsi genişləndirilib. İl ərzində sahibkarlıq subyektlərinə 61 mindən çox malın mənşə ölkəsini təsdiq edən sertifikatın verildiyi də qeyd olunub.

KİV nümayəndələrinə məlumat verilib ki, ötən il istehlakçı hüquqlarına dair Xidmət tərəfindən mütəmadi təlimlər təşkil edilib və geniş maarifləndirmə işləri aparılıb. İstehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində 2022-ci il ərzində Xidmətə daxil olan 5570 müraciətə baxılıb və bunlardan 2260 müraciət təmin olunub. Nəticədə, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri tərəfindən istehlakçılara 318 min manat vəsait geri qaytarılıb, 20 min manatadək dəymiş zərər ödənilib. Qeyd edilib ki, daxil olmuş vətəndaş müraciətinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən 12 hüquqi, 3 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Tədbirin sonunda KİV nümayəndələrinin sualları cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

2025-ci ilin dövlət büdcəsi: Cari xərclərin artımı sosial təminatı necə dəyişəcək?

2025-ci ilin dövlət büdcəsi: Cari xərclərin artımı sosial təminatı necə dəyişəcək?

AMB yaxın aylarda valyuta bazarına satış yönlü müdaxilə edəcəyini istisna etmir

AMB yaxın aylarda valyuta bazarına satış yönlü müdaxilə edəcəyini istisna etmir

XƏBƏR LENTİ
  • 05:31

    Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
Menyu