
Xəbər verdiyimiz kimi, bu ay Bakı Türk Dövlətləri Təşkilatının (TDT) iki tədbirinə ev sahibliyi edəcək. Bunlardan biri 22-23 aprel tarixlərində baş tutacaq TDT əmək nazirlərinin ilk iclası, digəri isə 23-24 aprel tarixlərində baş tutacaq TDT Kosmik Agentlikləri və Müvafiq Orqanları arasında keçiriləcək 4-cü görüşdür.
Tədbirlər Türk Dövlətləri Təşkilatının əməkdaşlığını gücləndirmək məqsədi daşıyır. Əmək nazirlərinin iclasında məşğulluq, sosial müdafiə və birgə layihələr müzakirə olunacaq. Kosmik agentliklərinin görüşü isə peyk məlumatlarının paylaşımı və ortaq texnoloji layihələrin inkişafına yönələcək. Hər iki tədbir TDT-yə üzv ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsinə imkan yaradacaq.
Mövzu ilə bağlı Operativ Media-ya danışan Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Türk Dövlətləri Təşkilatının yaradılması mühüm strateji hadisədir: “Türk Dövlətləri Təşkilatının yaradılması həm siyasi, həm də geostrateji baxımdan olduqca əhəmiyyətlidir. Türk dövlətləri coğrafi baxımdan çox geniş bir ərazini – Avropadan Mərkəzi Asiyaya qədər uzanan bölgəni əhatə edir. Bu ölkələrin ümumi əhalisi 300 milyondan çoxdur və birlikdə iqtisadi gücləri trilyon dollara yaxın bir məbləğ təşkil edir.
Türk dövlətləri arasında Azərbaycanın coğrafi mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında strateji bağlantı rolunu oynayır. Bu mövqe yalnız regional deyil, qlobal miqyasda da Azərbaycanın türk dünyasındakı mövqeyini gücləndirir.
Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan Türk birliyinin əsas dayaqlarından biridir. Mərkəzi Asiya ilə Türkiyəni, eyni zamanda Avropanı birləşdirən keçid mövqeyində yerləşən Azərbaycan bu təşkilat daxilində körpü rolunu oynayır.
Ölkəmizin iqtisadi imkanlarının daha da artması, Türk dövlətlərinin də güclənməsi deməkdir. Bu həmçinin Azərbaycanın təşkilat daxilində rolunun daha da böyüməsinə gətirib çıxarır.
Ümumilikdə Türk birliyi yalnız iqtisadi və siyasi güc mərkəzi deyil, həm də dünya üçün ədalətə və dəyərlərə əsaslanan alternativ baxış bucağı təqdim edən mühüm bir platformadır”.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, türk dövlətlərinin inkişafında və formalaşmasında Azərbaycanın rolu danılmazdır: "Azərbaycan bu istiqamətdə uğurlu və düşünülmüş bir siyasət həyata keçirir. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz yeni dünya siyasi nizamının formalaşmasında mühüm addımlar ataraq Türk Dövlətləri Təşkilatının inkişafında və dövlətlərarası inteqrasiyanın gücləndirilməsində aparıcı mövqeyə sahib olub. Təşkilat çərçivəsində nazirlərin iştirakı ilə keçirilən iclaslar, əməkdaşlığın genişlənməsi, qarşılıqlı səfərlər və yeni layihələrin müzakirəsi Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Xüsusilə Mərkəzi Asiya ölkələrinin də bu proseslərə Azərbaycan və Türkiyə kimi inamla və səy göstərərək yanaşmaları, birliyin möhkəmlənməsi istiqamətində atdımlar atmalıdır. Lakin Qərbin müəyyən dairələrinin pozucu fəaliyyəti Mərkəzi Asiyaya və Türk Dövlətləri Təşkilatında təsir yaratmaq məqsədi daşıyır. Bir çox güc mərkəzi bu təşkilatın güclənməsini istəmir, Azərbaycan və Türkiyənin həyata keçirdiyi bu uğurlu modeli sarsıtmağa çalışır.
Ancaq bütün maneələrə baxmayaraq, Azərbaycan və Türkiyə bu istiqamətdə irəliləyiş əldə etməkdə davam edir və birgə addımlar atırlar. Türk Dövlətləri Təşkilatının gələcəkdə beynəlxalq aləmdə öz yerini tutması və nüfuzlu bir platformaya çevrilməsi gözlənilir. Bu həm regionun zəngin karbohidrogen ehtiyatları, həm də insan potensialı ilə yanaşı, təşkilatın Şərqlə Qərbi birləşdirən strateji nəqliyyat arteriyalarının üzərində yerləşməsi ilə də bağlıdır.
Şübhəsiz ki, Azərbaycan bu təşkilatın inkişafı istiqamətində gələcəkdə də böyük işlər həyata keçirəcək və Türk dünyasının birliyinə öncüllük etməyə davam edəcək".
Qeyd edək ki, IV Antalya Diplomatik Forumunda (ADF) Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ilin payız aylarında Bakıda Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünün təşkilinin nəzərdə tutulduğunu açıqlayıb.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Naxçıvan şəhərində imzalanan protokolla yaradılmış, Türk dilini danışan ölkələr arasında əməkdaşlığı gücləndirməyi məqsəd qoymuş beynəlxalq bir təşkilatdır. TDT-nin əsas məqsədi üzv ölkələr arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı artırmaq, ortaq maraqları qorumaq və Türk dünyası arasında əlaqələri daha da möhkəmləndirməkdir.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi mövzusunun təşviq edilməsi istiqaməti üzrə hazırlanıb.