Oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbənin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"nın sorğusuna cavab olaraq bildirilib.
"Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb", - deyə məlumatda qeyd olunub.
***
10:07
10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.
Bu barədə TƏBİB "Operativ Media"nın sorğusuna cavab olaraq bildirib ki, 16 nəfər ambulator müalicə üçün evə buraxılıb.
"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.
***
10:04
Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyən 18 tələbə zəhərlənib. Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə "Operativ Media"nın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
Qurum bildirib ki, araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.