Azərbaycan dilində süni intellekt: AI bizi nə qədər düzgün anlayır? - TƏHLİL
Süni intellekt həyatımızın müxtəlif sahələrinə sürətlə daxil olur. Artıq insanlar gündəlik işlərdən tutmuş peşə fəaliyyətinə qədər bir çox məsələdə süni intellekt alətlərindən istifadə edirlər. Lakin burada əsas suallardan biri də süni intellektin Azərbaycan dilini nə dərəcədə düzgün anlamasıdır. Xüsusilə danışıq dili, dialektlər, məcazi ifadələr, terminlər və yerli kontekstlə bağlı problemlər süni intellektdən istifadə zamanı özünü göstərə bilir.
Mövzu ilə bağlı "Operativ Media"ya danışan İKT üzrə ekspert Fərrux Rəcəbli bildirib ki, süni intellekt Azərbaycanda ilk tətbiq olunduğu dövrdə Azərbaycan dili ilə bağlı ciddi problemlər yaşansa da, artıq bu çətinliklər demək olar ki, aradan qaldırılıb:

"Süni intellekt Azərbaycan mətnlərini, sözlərini tam şəkildə başa düşmürdü və bizə istədiyimiz informasiyanı dəqiq verə bilmirdi. Hətta bəzi sözlər var idi ki, ümumiyyətlə, süni intellektin bazasında olmadığı üçün sorğular zamanı istədiyimiz nəticəni, cavabı və ya informasiyanı əldə edə bilmirdik.
Amma zamanla süni intellekt o qədər inkişaf edib ki, bu gün, mən düşünürəm ki, Azərbaycan dilində bilmədiyi hər hansı bir söz və ya düzgün ifadə edə bilmədiyi fikir və informasiya, demək olar ki, yoxdur. Lakin bu, süni intellektdən harada, hansı platformalarda və hansı məqsədlə istifadə etməyimizdən də asılıdır.
Əgər biz süni intellektdən şəxsi istifadə üçün yararlanırıqsa, hazırda ən çox istifadə olunan proqram təminatlarından biri, bildiyiniz kimi, ChatGPT-dir. ChatGPT artıq elə bir mərhələyə, elə bir səviyyəyə gəlib çatıb ki, Azərbaycan dilində, hətta mən düşünürəm ki, bəzi hallarda insanlardan daha yaxşı danışır və fikirlərini daha aydın ifadə edir.
Amma təəssüf ki, bəzi proqram təminatları və avadanlıqlar var ki, süni intellektlə işləyir və ya həmin proqram təminatlarında süni intellekt alətləri mövcuddur. Təəssüf ki, orada Azərbaycan dili hələ çox da inkişaf etməyib. Hətta bəziləri var ki, ümumiyyətlə Azərbaycan dilini tanımır.
Bu, əlbəttə ki, bizə çətinlik yaradır. Çünki hər kəs xarici dil bilmir və məcbur olur ki, Azərbaycan dilində komandalar versin və ya sorğularını Azərbaycan dilində yönəltsin. Nəticədə isə istədiyi cavabı ala bilmir.
Digər sualınız hansı işlərin görülməli olması və keyfiyyətli məlumat verən dil modellərinin necə formalaşdırılması ilə bağlıdır.
Məncə, ilk növbədə o işlər görülməlidir ki, əgər proqram təminatında, məsələn, istifadəçi tərəfindən dəyişikliklərə və ya avadanlığın özündə istehsalçı tərəfindən belə imkanlara icazə verilirsə, bizim mütəxəssislərimiz, süni intellekt mütəxəssislərimiz və süni intellekt mühəndislərimiz bu dəyişiklik funksionallığından istifadə edərək Azərbaycan dilini, Azərbaycan sözlərini, söz bazasını həmin avadanlıqlara və ya proqram təminatlarına əlavə edə bilsinlər.
Və ya proqram təminatı və avadanlıq hansı məqsədlə istifadə olunacaqsa, həmin məqsədə yönəlmiş komandalar, söz bazası və məlumat bazası əlavə edilə bilər.
Bu avadanlıqlar və proqram təminatları onlayn şəkildə öz bazaları ilə yeniləndiyi və sinxronlaşdırıldığı zaman həmin sözlər, söz bazaları, Azərbaycan dilində olan hərflər, şəkilçilər, cümlə quruluşları və bütün bunlar süni intellektdən istifadə etdiyimiz platformalarda formalaşa bilər.
Bunu bu formada edə bilsək, sinxronizasiya və onlayn yenilənmə zamanı avtomatik olaraq süni intellekt bazalarında bizim sözlərimiz, hərflərimiz, şəkilçilərimiz, danışıq qaydalarımız, yazılış qaydalarımız, komandalarımız və Azərbaycan dilində verilən digər sorğular formalaşacaq.
Bu da gələcəkdə bizim üçün böyük müsbət nəticədir. Artıq istifadə etdiyimiz bütün platformalarda, süni intellektdən yararlandığımız bütün sahələrdə Azərbaycan dili bizə səlis, sərbəst və tam şəkildə xidmət göstərə bilər.
Mən düşünürəm ki, Azərbaycan dilinin süni intellektdə hələ tam yüksək səviyyəyə gəlib çıxmamasının səbəblərindən biri bizim istər proqram təminatı, istərsə də avadanlıq baxımından ümumiyyətlə istehsalçı ölkə olmamağımızdır.
Çünki biz hər hansı bir süni intellekt avadanlığı istehsal etmirik, hər hansı bir süni intellekt proqram təminatı yaratmırıq. Yaratdığımız bir neçə proqram təminatı var ki, onlar daha çox dövlət və bank sektorlarında istifadəçilərə təqdim olunan proqram təminatlarıdır. Bunlar da süni intellektin inkişafına ciddi töhfə verən məhsullar deyil.
Biz həmin proqramların tərkibinə süni intellekt əlavə edə bilərik. Amma yenə də, məsələn, hər hansı bir bank proqramına baxırsınız, görürsünüz ki, orada süni intellekt var. Lakin süni intellektə verdiyimiz suallar, komandalar aydın olmur. Bəzən hətta sual verdikdə süni intellekt avtomatik olaraq “Sualınızı başa düşmədim” cavabını verir.
Bu da onun lazımi səviyyəyə çatmadığını, hələ lazımi mərhələdə olmadığını göstərir. Problem də buradan qaynaqlanır.
Mən düşünürəm ki, bizim universitetlərimiz, texnologiya mütəxəssislərimiz, ümumiyyətlə, bu sahədə fəaliyyət göstərən mühəndislərimiz istehsalçı ölkələrə, istehsalçı müəssisələrə, vendorlara və hər hansı bir texnoloji brendə özləri təklif yönəltməli, təklif göndərməlidirlər.
Məsələn, təklif edə bilərlər ki, gəlin, Azərbaycan dilinin süni intellektdə inkişafına biz sizə dəstək verək, öz töhfələrimizi verək. Sizin süni intellekt komandalarınızda azərbaycanlı mütəxəssislər olsun.
Məncə, bu cür addımlar Azərbaycan dilinin süni intellektdə inkişafını daha da sürətləndirər və onu daha mükəmməl səviyyəyə çatdırar.
Amma bir daha qeyd edirəm ki, hazırda söhbət süni intellekt sahəsində istifadə olunan proqram təminatları, avadanlıqlar və digər texnologiyalardan gedirsə, onların çoxunda, belə deyək, hətta 70 faizində Azərbaycan dili hələ yüksək səviyyədə deyil. Azərbaycanca komandalar başa düşülmür, Azərbaycan dilində sözlər və cümlələr düzgün qəbul edilmir.
Hətta sual versək də, aldığımız cavab, aldığımız informasiya, bizə göstərilən nəticə Azərbaycan dilində çox uyğunsuz olur.
Süni intellekt alətləri içərisində süni intellektin ən çox istifadə edildiyi tətbiq isə ChatGPT-dir. Orada da Azərbaycan dili, mənim şəxsi fikrimdir, mükəmməl səviyyədədir.
Bu da ondan qaynaqlanır ki, insanlar ChatGPT-dən çox istifadə edirlər, suallar verirlər, danışırlar, çox zaman keçirirlər. Hətta elə insanlar var ki, demək olar, ChatGPT ilə dost kimi ünsiyyət qururlar.
Bu suallar, danışıqlar, qurulan cümlələr və verilən reaksiyalar, əlbəttə ki, sistemin Azərbaycan dilini daha yaxşı anlamasına və bu istiqamətdə inkişaf etməsinə təsir göstərir.
Buna görə də Azərbaycan dili orada mükəmməl və yüksək səviyyədədir.
Düşünürəm ki, gələcəkdə artıq istehsalçılar, brendlər və vendorlar, o cümlədən xarici vendorlar Azərbaycan mütəxəssislərinə müraciət edəcəklər. Azərbaycan mühəndislərinə tələbat yaranacaq ki, Azərbaycan dilinin süni intellektdə daha da inkişaf etdirilməsinə töhfə versinlər".
Texnoloq Elvin Həsənovun sözlərinə görə, süni intellekt Azərbaycan dilini artıq kifayət qədər yaxşı anlayır, amma hələ də bəzi məqamlarda tərcümə olunmuş dil kimi hiss olunur:

"Yəni cavab qrammatik baxımdan düzgün ola bilər, amma insan oxuyanda görür ki, cümlə tam təbii səslənmir. Bunun əsas səbəblərindən biri Azərbaycan dilində keyfiyyətli və müxtəlif rəqəmsal mətnlərin ingilis dili ilə müqayisədə daha az olmasıdır.
Əslində Azərbaycan dilinin özü də süni intellekt üçün maraqlı və bir qədər mürəkkəb dildir. Bir sözə bir neçə şəkilçi artırmaqla çox fərqli məna yaratmaq olur. Söz sırası dəyişəndə vurğu və məna da dəyişə bilir. Üstəlik, gündəlik danışıqda dialekt, rus və türk sözləri, qısaltmalar və məcazi ifadələr çox istifadə olunur. İnsan bunları kontekstdən anlayır, amma model bəzən sözbəsöz yanaşır və nəticədə fikir bir qədər qəribə alınır.
Məncə, əsas problem odur ki, süni intellekt Azərbaycan dilini pis bilirmiş kimi yox, Azərbaycan dilində kifayət qədər keyfiyyətli material görməyib. Əgər modelə düzgün yazılmış media mətnləri, elmi materiallar, hüquqi sənədlər, texniki terminologiya, dialekt nümunələri və real danışıq dili daha çox təqdim olunsa, nəticə də sürətlə yaxşılaşar.
Əlbəttə ki, terminologiya məsələsi də çox vacibdir. Məsələn, İT və süni intellekt sahəsində bəzi anlayışların Azərbaycan dilində qarşılığı yoxdur. Eyni termin bir yerdə bir cür, başqa yerdə başqa cür yazılır. Bu halda model də hansı variantın daha doğru olduğunu seçməkdə çətinlik çəkir. Ona görə vahid və müasir terminoloji bazanın yaradılması çox vacibdir.
Mən deyərdim ki, ən çox rast gəldiyimiz səhvlərdən biri sözlərin düzgün seçilməməsi, cümlələrin həddindən artıq rəsmi və süni səslənməsi, bəzi ifadələrin rus və ya türk dilinin təsiri ilə qurulmasıdır. Bəzən isə model yerli reallığı tam başa düşmür və xarici konteksti Azərbaycana tətbiq edir. Ona görə də bu problemin həlli üçün məncə dövlət, universitetlər və texnologiya şirkətləri birlikdə işləməlidir".
Abris Distribution şirkətinin İT qrupunun rəhbəri Anar İbayev deyir ki, müasir böyük dil modelləri Azərbaycan dilində verilən sadə və standart sualları, ümumi mətnləri kifayət qədər yaxşı anlayır və cavablandırır.

Amma dilimizin bəzi xüsusiyyətləri onu çaşdırır:
1. Uzun şəkilçilər: Biz bir sözün sonuna bir neçə şəkilçi artırıb böyük bir fikir deyə bilirik. Kompüter bu cür uzun sözləri hissələrə böləndə mənanı itirir. 2. Məcazi sözlər və atalar sözü: Məsələn, biz “ürəyim yandı” deyəndə kompüter bunu hərfi mənada – “içəridə yanğın var” kimi başa düşə bilər. 3. Danışıq dili və ləhcələr: Bizim gündəlik işlətdiyimiz “bayaqdan”, “bayaq” kimi sözləri və ya rayon ləhcələrini süni intellekt yaxşı tanımır, çünki kitab dilinə öyrənib.
Süni intellektin Azərbaycan dilində mükəmməl çalışması üçün yerli və keyfiyyətli məlumat infrastrukturu fundamental şərtdir. Qlobal modellər Azərbaycan dilini əsasən ingilis dili üzərindən tərcümə edərək öyrəndikləri üçün dildə “süni” və kökənli olmayan ifadə tərzi yaranır.
Səhvlər barəsində isə onu deyə bilərik ki:
1. İngilis dili kimi danışır: Cümlələri Azərbaycan dilinin qaydası ilə yox, ingilis dilindən birbaşa tərcümə olunmuş kimi qurur, qəribə və süni səslənir. 2. Yalan uydurur: Azərbaycan tarixi və ya mədəniyyəti haqqında kifayət qədər məlumatı olmayanda bilmədiyini demək əvəzinə tamamilə uydurma faktlar yazır.
Həlli üçün kim nə etməlidir?
1. Dövlət: Dilimizin rəqəmsal bazasının yaradılmasına dəstək və pul ayırmalıdır. 2. Dilçilər və universitetlər: Müəllimlər və dilçilər kompüter mütəxəssisləri ilə birgə oturub dilin qaydalarını düzgün izah etməlidirlər. 3. Texnologiya şirkətləri və İT sahəsində çalışanlar: Bu proqramları sırf Azərbaycan dili üçün daha dəqiq işləyəcək şəkildə kökləməli və hazırlamalıdırlar.
Qısası: Süni intellekt hazırda Azərbaycan dilini başa düşən, amma dilimizi hələ tam dərinliyi ilə bilməyən bir xarici tələbəyə bənzəyir. Onu tam savadlı etmək üçün ona daha çox keyfiyyətli Azərbaycan dilli kitab və dərs verməliyik.

Qeyd: material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqaməti üzrə hazırlanıb.
dəqiqələr içində saytın olsun.